“Neftçi”nin futbolçusu Kenni Sayef ötən həftə Bakıda “Gent”in baş məşqçisi Heyn Vanhazebruk ilə görüşüb. Görüş Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la matçdan əvvəl baş verib.

Bu barədə futbolçu özü Belçikanın “Nieuwsblad” nəşrinə müsahibəsində bildirib. 2014-18-ci illərdə “Gent”də çıxış edən 29 yaşlı yarımmüdafəçinin “Qarabağ”ın rəqibini ziyarət etməsinin də səbəbi bu olub: “Futbolçularla görüşüb onların hazırlığına mane olmaq istəmədim. Amma baş məşqçi və onun heyəti ilə bir araya gəldim. Mən indiyə qədər də Daniel Miliçeviçlə (“Gent”in məşqçisi) danışıram. Biz əsl dostlarıq.  Odur ki, onu yenidən görmək xoş oldu”.

Amerikalı oyunçu “Qarabağ”ın “Gent”ə 1:0 hesabı ilə qalib gəldiyi görüşü izlədiyini də söyləyib: “Əlbəttə, oyuna baxdım. Birinci hissədə “Gent”in bir neçə yaxşı imkanı oldu. Təəssüf ki, onlar qol vura bilmədilər. Səfərdə “Qarabağ”a 0:1 hesabla uduzmaq pis nəticə deyil. “Nant” burda (Bakıda) ciddi məğlubiyyətlə üzləşdi. Əlbəttə, “Gent”in mərhələ adlamaq şansı var. Onlar öz meydanında, azarkeşləri önündə böyük uğur qazana bilirlər”.

Sayef “Qarabağ”a  ehtiyatla yanaşmağın vacibliyini bildirsə də, “Gent”ə inandığını söyləyib: “Onlar bu mövsüm nəyə qadir olduqlarını göstəriblər. Amma mən əvvəlkitək “Gent”ə, baş məşqçi Heyn Vanhazebruka inanıram. Siz güvənin ki, o, vəziyyəti dəyişmək üçün taktiki variantlar düşünəcək. Azarkeşlərinin dəstəyi sayəsində isə “Gent” çox şey edə bilər. Mən orada oynayanda bir çox komandanı məğlub etmişik. İndi “Gent” niyə də “Qarabağ”a qalib gəlməsin?”

kenny hasan sayef a4a57050 86f6 431e 94c8 9157192ac84 resize 750 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp