UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə “Qarabağ”ın Belçikadakı oyununa təyinat alan Uilyam Kollam bizə tanış simadır. Şotland referi 5-ci dəfə Azərbaycan komandalarının oyununda ədaləti qoruyacaq. O, Azərbaycan millisinin üç, “Neftçi”nin isə bir rəsmi görüşündə iş başında olub.

Kollam ilk olaraq DÇ-2010-un seçmə mərhələsində yığmanın Finlandiya ilə səfər qarşılaşmasında fit çalıb. 2008-ci il oktyabrın 11-nə təsadüf edən görüşdə ev sahibləri penaltidən vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.

Referi AVRO-2016-nın seçmə mərhələsi üçün 2015-ci ildə Bakıya səfər edib. O, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda İtaliyaya 1:3 hesablı məğlubiyyətin şahidi olub. “Qarabağ”ın üzvü Bədavi Hüseynov həmin matçda qırmızı vərəqə ilə meydandan qovulub.

Kollamın Bakıya növbəti səfəri də uğurlu olmayıb. Avropa Liqasının 2021/2022 mövsümündə o, III təsnifat mərhələsinin “Neftçi” – HIK (Finlandiya) qarşılaşmasına təyinat alıb. 2021-ci il avqustun 3-dəki görüş 2:2 hesabı ilə yekunlaşıb və cavab matçında 3:0 hesablı qələbə qazanan finlandlar mərhələ adlayıblar.

UEFA 2022-ci ildə də Azərbaycan yığmasının matçını Kollama həvalə edib. O, Millətlər Liqasının qrupunda sentyabrın 22-də Slovakiya ilə səfər görüşündə ədalət təmsilçisi olub. Yığmamızın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hazırda “Qarabağ”da çıxış edən Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, eləcə də Amin Seydiyev sarı vərəqə alıblar.

44 yaşlı Villiam Kollam 2006-cı ildən FIFA referisidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp