“Turan Tovuz”un bir neçə futbolçusu digər Azərbaycan klublarından təklif alıb. Qərblilərin mövsümü gözləniləndən uğurlu keçirməsi aparıcı oyunçuların da diqqət mərkəzinə düşməsinə səbəb olub.

Futbolinfo.az xəbər verir ki, əksər yerli oyunçular daha iddialı komandaların “radar”ına düşüb. Xüsusilə paytaxt klubları onları düşərgəsinə gətirməyə çalışır. “Neftçi”, “Zirə” və “Səbail” həm də legionerlərə maraq göstərir. Natan Oduva, Xulu Siyanda və Denis Marandiçi yayda klubunu dəyişə bilər.

“Turan Tovuz”un bimbardirinə də ciddi maraq var. Kamerunlu hücumçunu israrla istəyən isə “Sumqayıt”dır. “Kimyaçılar”ın baş məşqçisi Samir Abasovun rəhbərlikdən bu futbolçunun keçidini həll etməyi istədiyi deyilir.

Əslində, tovuzluların bütün oyunçularının mövsüm bitəndən sonra komandadan ayrılması mümkündür. Futbolçularla müqavilələr mövsümün sonunda bitir və onların klubu azad agent kimi tərk etmək imkanı var. Ancaq qərblilər yeni sponsoruna qovuşduqdan sonra vəziyyət dəyişib, futbolçular iddialı komanda qurulacağı halda iş yerlərini dəyişməkdə maraqlı deyillər. Bunun üçün oyunçuları yeni layihəyə inandırmaq, indidən yeni müqavilələr təklif etmək lazımdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp