“Başlanğıc əla idi. Biz belə oynamaq istəyirdik. Buraxılan qollardan başqa bütün birinci hissə yaxşı keçdi. Hesab bərabərləşəndən sonra bir az passivləşdik, rəqibin üzərinə getmədik. İkinci qol olmamalı idi. Daha sonra hesab 2:3 oldu ki, bu da əks-hücumlarda yaxşı oynayan komandaya qarşı o qədər də yaxşı nəticə deyil. İlk hissədəki kimi bütün 95 dəqiqəni oynamalı idik” – bu sözləri “Liverpul”un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 finalında “Real”a 2:5 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

Alman mütəxəssis cavab görüşü haqda da danışıb: “Madridə gedib orada futbol oynayacağıq. Bu, böyük bir sınaq olacaq. Ancaq əvvəlcə Premyer Liqada oynamalı və bu görüşdən dərs aldığımıza əmin olmalıyıq. Məncə, Karlo Ançelotti hər şeyin burada həll olunduğunu düşünür. Düzünü desəm, hazırda mən də belə fikirləşirəm. Ancaq üç həftə ərzində hər şey dəyişə bilər. Biz ora qələbə üçün gedəcəyik. Deyə biləcəyim tək şey budur”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp