“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. O, startın faciəvi alındığını bildirib: “Oyunun necə başladığını nəzərə alsaq, qələbə asan olmadı. İnamımızı itirmədik və yavaş-yavaş topa nəzarət etdik. Hücumda təsirli olduq. Vinisius inanılmaz oyun keçirdi”.

İtaliyalı mütəxəssis hesabda geri düşdükdə geridönüş haqda düşünürmüş: “Hesab 0:2 olan zaman eyni şeyin reallaşacağına ümid edərək “Mançester Siti” ilə oyunda etdiyimiz geridönüş haqqında düşünürdüm. Bunu daha da yaxşı bacardıq. Qol vurmağa, təhlükə yaratmağa başladıq, müdafiədə daha yaxşı oynadıq”.

Ançelotti sözügedən görüşdə dubla imza atan Vinisius Junior haqda müsbət fikirlər səsləndirib: “Məncə, Vinisius Junior hazırda dünyanın ən təhlükəli oyunçusudur. O, matçların nəticələrinə daim qərar verən şəxsdir”.

Mütəxəssis hələ heç nəyin bitmədiyini söyləyib: “Biz bu qarşıdurmanın yalnız ilk hissəsini oynadıq. Bu gün uğur qazandıq, amma hazırlaşmaq lazımdır. İkinci matçda dözməli və çalışmalı olacağıq. Biz mübarizəni davam etdirdiyimiz bütün turnirlərin kubokunu qazanmaq istəyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp