20 ilə yaxındır ki, dünya tennisdə ən güclünün kimliyini ayırd etməyə çalışır. Tennis sevənlərin bir hissəsi Roje Federerin, bir başqa hissəsi isə Rafael Nadalın tərəfindədir.

Analogiya aparsaq, vəziyyət eynilə Ronaldo – Messi qarşıdurmasına bənzəyir. Futboldan fərqli olaraq, tennis fərdi idman növü olduğuna görə nəticələrlə hər şeyi müəyyənləşdirmək mümkündür. Nəticələr isə nə Federer, nə də Nadal deyir. Bu iki dostun, bəlkə də qardaşın mübarizəsinə – qəbul etməsələr də belə – Novak Cokoviç də daxildir. Kiçik qardaş çox zaman ailədə hamını qabaqlamağı bacarır. Tennisdə də belədir.

“Böyük dəbilqə”lərin sayına görə 1  ay əvvəl Nadala çatan “Nole” bu həftə reytinqdə birinci olmaq sayına görə də əfsanəvi Şteffi Qrafı üstələdi. Kişilərdə bu göstəricidə çoxdan öndə olan serb, Qrafı üstələməklə bütün tennis tarixində hamıdan qabaqdadır. Bu həftə onun reytinqdə birinci sırada olduğu 378-ci həftədir. İnanılmaz bir nəticədir. Nəzərə alsaq ki, insan keçən il Avstraliya və ABŞ-də çıxış etməyib, Uimbldondakı nəticəsinə görə isə reytinq balı verilməyib.

Bütün bunlara rəğmən, tennis azarkeşləri yenə də ya Federer, ya da Nadal deyirlər. Nadalın azarkeşi olduğumu boynuma alaraq mən də ispan tennisçini hamıdan üstün sayıram. Lakin Novaka prinsipiallığına görə, xüsusilə də pandemiya zamanı israrla vaksin vurmadığına görə rəğbətim var.

Bəs, onun əksəriyyət tərəfindən qəbul edilməməsinin səbəbi nədir? Xasiyyət. Həmilton da Şumaxer qədər – 7 dəfə dünya çempionu olub. Amma onun qədər əzəməti yoxdur. “Nole”nin az sevilməyinin səbəblərindən biri dürüst mübarizə aparmamasıdır. Elə son “Australian Open”də zədəli olduğunu deyərək oynamasını misal çəkmək olar. Arxa bud əzələsində 3 sm qırığı olduğunu deyə-deyə gəlib çempion olmaq gülüncdür. Bununla bağlı bir çoxlarının maraqlı fikri olsa da, ən bəyəndiyim Arina Rodionovanın açıqlamasıdır: ”Həkimdə müayinədəydim, bud əzələmdə 3 sm dartılma var. Sabah çıxıb artıq qaçacağam”.

Nə Federerdə, nə də Nadalda belə şeylər görülməyib. Onlar kortda hər zaman dürüst və şərəfli olublar. Bu templə davam edərsə və hazırkı tennis dünyasına baxıldıqda Cokoviçin qarşıdakı vaxtlarda tennisin ən vacib göstəricisi olan “Böyük dəbilqə” seriyasında qələbələrə görə də mütləq rekordçu olacağı şübhə doğurmur. Amma bu, onun hamı tərəfindən ən güclü qəbul edilməsinə gətirib çıxarmayacaq. Eynilə Messinin dünya çempionu olmasından sonra “tarixin ən güclü futbolçusu kimdir” sualına cavab verilmədiyi kimi.

SİYAVUŞ ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp