“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin futbolinfo.az saytına müsahibə verib. O, keçidikləri son oyunlardan danışıb.

– “Neftçi”ni evdə məğlub edə bilmədiniz…

– “Neftçi” ilə matçın çətin olacağını gözləyirdik ki. Rəqibin heyətində yeni oyunçular var. Komanda son zamanlar çox yaxşı çıxış edir, yeni futbolçularla daha da gücləniblər. Xal və ya xallar qazanmaq üçün sona qədər mübarizə aparmalı idik. Düşündüyümüz kimi oldu. Düzdür, oyundan heç-heçə ilə ayrıldıq, amma qələbə qazanmaq şansımız var idi.

– “Gent”lə ağır oyun bu matça necə təsir etdi?

– Təbii ki, “Gent”lə keçən ağır oyun “Neftçi” ilə matça təsirsiz ötüşməyəcəkdi və biz bunu bilirdik. Səfərdə 120 dəqiqə mübarizə aparmışdıq, bundan sonra da Bakıya 5-6 saatlıq uçuş olmuşdu. Bütün bunlar mütləq ki, öz təsirini göstərəcəkdi. Oyunçular tam formasında deyildilər. Bunu oyun ərzində də gördük. Bütün olanlara baxmayaraq, xarakter göstərdik, bərabərlik qolunu vurduq.

– Konfrans Liqasında son məğlubiyyət yəqin ki, məyusluğa səbəb olub.

– “Gent”ə məğlubiyyət çox üzücü oldu. Penaltilərdə mübarizəni dayandırdıq. İstəyimiz yolumuza davam etmək, uğur qazanmaq idi. Konfrans Liqasında davam etmək yaxşı olardı.

– Artıq yalnız çempionata köklənməlisiz.

–  Alınmadı, amma məsələyə pozitiv tərəfdən də baxmaq olar. Komandamızda yeni oyunçular var. Fiziki durumu və digər detalları yaxşılaşdırmaq üçün yaxşı zamandır. Bundan istifadə edib ən yaxşı formamıza çatmaq istəyirik.

– Konfrans Liqasında mübarizəni dayandırdıqdan sonra hamı düşünür ki, “Qarabağ”ı indidən çempionluq münasibətilə təbrik etmək olar. Çünki bütün gücünüzü liqaya qoyacağınız aydındır.

– Əlbəttə, turnir cədvəlinə baxdıqda ən yaxın izləyicimizdən bir qədər irəlidəyik. Təbii ki, çempion olmaq niyyətindəyik. Hədəfimiz də budur. Xal fərqinə baxmayaraq, indidən çempion olduğumuzu fikirləşmək çox yanlışdır. Bu, bizi yolumuzdan azdıra bilər. Görürük ki, liqada bir çox sürpriz nəticələr olur. İstənilən rəqib gözlənilmədən səni büdrədə bilər. Ona görə də diqqətli olub sona qədər mübarizə aparmalıyıq. Hələ ki, bizdə çempionluq düşüncəsi yoxdur.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp