Statistikaların üstündən rəqəmlərə baxaraq keçmək doğru deyil. Hesabat xarakterli bel göstəricilər həm də həqiqəti görməyə kömək edir.

Məsələn, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin dünyanın 75 ölkəsinin liqaları barədə hazırladığı son statistika düşündürücüdür. Son 5 ildə heyəti ən sabit olan klubların siyahısına diqqət yetirəndən sonra uğurun həm də bu məqamda gizləndiyini anlayırsan.

1. Qarabağ – 67

2. Qəbələ – 74

3. Neftçi – 87

4. Sumqayıt – 88

5. Səbail – 102

6. Zirə – 104

7. Şamaxı – 107

Mərkəzin araşdırmalarına görə, Azərbaycan Premyer Liqasında ən stabil heyət “Qarabağ”dadır. Ağdamlıların uğurlarının sirri də yəqin ki, bundadır. Transferlər kifayət qədər dəqiqliklə edilib ki, çempionluqlar sıralanıb.

5 ildə cəmi 67 futbolçunun xidmətindən isttifadə edən “atlılar”ı izləyən “Qəbələ” ilə “Neftçi” də daim yüksək yerlər uğrunda mübarizə aparan komandalardır. 4-cü olan “Sumqayıt” məhz bunun sayəsində son 5 ildə kubokun finalına yüksəldi, tarixində ilk dəfə medalçı oldu.

Amma gələn il bu göstəricilərin dəyişəcəyi dəqiqdir. Çünki yerli futbolçular bir yana, “kimyaçılar” cari mövsümdə 15 legioner gətirib. Bu siyasətin statistikaya necə təsir edəcəyi öz yerində, artıq idman nəticələri fəsadları göz önündədir.

“Sabah”, “Turan Tovuz” və “Kəpəz” Premyer Liqada 5 ili tamamlamadığından, adları siyahıda yoxdur. Amma burada özünə “yer edən” digər komandaların durumu göz önündədir. “Səbail” 5 il ərzində 102, “Zirə” 104, “Şamaxı” 107 futbolçunun xidmətindən yararlanıb. “Şamaxı”nın ən pis göstəriciyə malik olmasının səbəbi sələfi “Keşlə”nin hər 6 aydan bir heyətini yeniləməsidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp