AFFA rəhbərliyinin planı bəlli oldu. 15 illik fəaliyyətsizlikləri ilə Azərbaycan futbolunu bataqlığa sürükləmiş bu şəxslər daha 4 il qalmaq, yenidən şans almaq üçün hər şey edir. Xüsusilə də Elxan Məmmədov hakimiyyətini əldən verməmək üçün bütün mümkün variantlara əl atır.

AFFA İcraiyyə Komitəsinin martın 7-də baş tutacaq iclası üçün açıqlanan Gündəliyin 2-ci bəndi planı çılpaqlığı ilə ortaya qoyur. Yeni stadionların tikintisi üçün göstərilən illərə diqqət edin: 2024-28.

Növbəti prezident seçkiləri gələn il baş tutmalıdır və seçilənin postunda qalma müddəti 4 ildir. Vitse-prezident Elxan Məmmədov sanki dövlət rəhbərliyinə onu seçmələri (Konfrans, sadəcə, vasitədir – red.) üçün sifariş verir. Və özünü beynəlxalq təşkilatlardan ölkə futboluna maliyyə cəlb edəcək adam kimi göstərir.

Hiyləgər plandır. Məmmədov faktiki olaraq, beynəlxalq qurumların ayıracağı maliyyə ilə 4 illik vəzifə almaq istəyir, “pulunu ödəyir”. Halbuki SOCAR-dan FİFA-ya ödənilən 200 milyon avronun ölkəmizə hansı üstünlüklər qazandırdığının hesabını verə bilsə, kifayətdir. Vaxtilə mənasız yerə dağıdılan milyonların hansısa kiçik faizini geri qaytarmaq qəhrəmanlıq deyil, şəxsi maraqlara qulluq etmək niyyətidir.

İki gün öncə AFFA-nın Tərtərdə (yenə ciddi futbol ənənələri olmayan bir şəhərdə – red.) stadion tikintisi üçün tender elan etməsi təsadüf deyildi. Məmmədov bütün planlarını cızıb, arzusuna addım-addım irəliləyir. Tovuzda akademiyaya xərclənən milyonların yarıdan çoxunu özünün, dostlarının şirkətlərinin hesabına köçürdən Elxan bəy yenə eyni yolla qazanmaq istəyir. Tovuz akademiyası ciddi şəkildə təftiş edilsə, məbləğin nə qədər şişirdildiyini hamı görər. “AgroSport”a hər il ödənilən yarım milyon, digər şirkətlərə ayrılan pullar da eləcə…

Elxan bəy yenə görüntü yaratmaq, sonra isə biznes imperiyasını böyütmək niyyətindədir. Və ən əsası, hər şeyin ona xidmət etməsini istəyir, futbolda hakimiyyəti yalançı layihələrlə əlində saxlamağa çalışır.

Dünən AFFA-nın rəsmi saytında FİFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilməsi barədə xəbər də, bu gün davamının videomüsahibəylə gətirilməsi də təsadüf deyildi. Bir həftə öncə “Futbolinfo” Paris səfərinin məqsədi, təfərrüatları barədə yazmışdı. Bu şəhərdə çalışan FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun belə bir görüşü təşkil etdiyini, Abdullayevi Fransaya çağırdığını bildirmişdik (daha ətraflı bu linkdə oxuya bilərsiz).

İndi həmin görüşün pərdəarxası məqamları üzə çıxır. Aydın olur ki, bu adamlar kreslosunu qorumaq, bəlkə də Abdullayev – Məmmədov əvəzləməsi üçün layihə-plan hazırlayıb. Axı, başqa birisi gəlsə, köhnə dəftərləri açıb-ağartsa, fırtına qopacaq. Ona görə də postu əllərindən vermək istəmirlər.

Ən qorxulusu bu planın maliyyə dəstəkçisisinin avropalılar olmasıdır. Əcəba, niyə? Məmmədova bu sevgi haradandır? Niyə bu il yox, məhz 2024-28 üçün? Bu, hakimiyyətdə qalmaq üçün xüsusi layihə deyilsə, nədir?

VÜSAL MAHMUDOV

Shares: