Növbəti mövsümdən Premyer Liqa klublarının əvəzediciləri arasında keçirilən çempionatın bərpası dəqiqləşmək üzrədir. Əslində, bu barədə söz-söhbət çoxdan var idi, martın 7-də isə rəsmiləşəcəyi gözlənilir.

Belə qənaətə gəlmək üçün AFFA İcraiyyə Komitəsinin dünən açıqlanan Gündəliyinə diqqət yetirmək kifayətdir. Belə ki, 7, 9 və 10-cu bəndlər bir-birini tamamlayır.

İcraiyyə Komitəsinin üzvləri “Birinic Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi” bəndinə uyğun olaraq, müsbət qərar verəcək. Belədə əvəzedicilərin yarışında kimlərin mübarizə aparacağı barədə sual qalmayacaq. Lakin Premyer Liqa təmsilçilərinin ikinci komandalarının gedişi ilə Divizionda boşluq yaranacaq.

Hazırda Birinci Divizionda mübarizə aparan 15 komandadan 9-u əvəzedici heyətlərdir. Onların gedişindən sonra cəmi 6 komanda qalacaq ki, bu da normal yarış keçirmək üçün kifayət edən say deyil. Gündəliyə salınan “Birinci Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi” bəndi də buna görədir.

Xatırlayırsızsa, məhz İcraiyyə Komitəsinin müvafiq qərarı ilə Divizionda iştirak etmək istəyən klublara hədd qoyulmuşdu. Belə ki, Region Liqasında azı 3 il oynayan klublar bu hüquqa yiyələnə bilərdi. Lakin tələbə cavab verən kifayət qədər komanda yoxdur, Divizionda isə say minimum 10-a çatdırılmalıdır. Bu üzdən komitə öz qərarına “əl gəzdirəcək”, 3 il tələbi ləğv olunacaq.

“2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi” məsələsi də eyni məqsədə qulluq edir. Region Liqasından gələcək komandalarda infrastrukturla bağlı ciddi problemlər var. Güman ki, ya lisenziya tələbləri yumşaldılacaq, ya da qismən güzəştlər tətbiq olunacaq. Əks halda, Divizionda lazım olan iştirakçı sayını təmin etmək mümkün deyil.

Gözləyək və ümid edək ki, istisnalar, güzəştlər qanunsuzluqlara yol açmayacaq. Çünki Divizionla bağlı qadağalar burada tüğyan edən qumarın qarşısını almaq, ən azı azaltmaq məqsədi ilə qoyulmuşdu. Tələblərin azaldılması bəzi işbazların yenidən ortaya çıxmasına şərait yarada bilər. Diqqətli olmaqda fayda var.

CAVAD

Shares: