Mart ayı “İmişli” üçün düşərli oldu. Ölkə çempionatının I Divizionunda mübarizə aparan və işləri yolunda getməyən bölgə klubu bu ayın ilk günün keçirdiyi matçda qələbə qazanaraq turnir cədvəlində irəliləməyə nail oldu.

Autsayderlər qrupunda olan “İmişli” əsas rəqiblərindən “Mingəçevir”i səfərdə yenərək bu komandanı üstələdi. Dünən Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan qarşılaşmada qonaqlar hər hissədə bir qol vurub 3 xalı aktivinə yazdırdı.

Görüşdə hesab ilk yarının sonuna 1 dəqiqə qalmış açıldı. 44-cü dəqiqədə Bayram Əliyev qurulan kombinasiyanı qolla yekunlaşdırdı. Növbəti qol isə ikinci hissənin sonunda vuruldu. Bu dəfə Ülvi İbazadə cərimə zərbəsindən baxımlı qola inza atdı.

Görüşdən sonra hər iki klubun baş məşqçiləri qarşılaşma ilə bağlı öz fikirlərini bildirib (videomaterialda baxa bilərsiz – red.).

Bu qələbədən sonra “İmişli” xallarının sayını 16-ya çatdırıb və turnir cədvəlinin 13-cü pilləsinə yüksəlib. 14 xala malik “Mingəçevir” isə 14-cüdür.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp