AFFA-nın baş katibi Sərxan Hacıyev dəfələrlə təkrarladığı vədini yerinə yetirsə, uzun fasilədən sonra ilk dəfə hansısa komanda Premyer Liqanı tərk edəcək. Bununla da Azərbaycan çempionatı normal yarışa çevriləcək – ən zəif komanda I Diviziona enəcək, oranın qalibi güclülər arasına qalxacaq.

Premyer Liqada kimin sonuncu yeri tutacağını indidən proqnozlaşdırmaq çox çətindir. Faktiki olaraq 5 komanda bu aqibətlə üzləşməyə namizəddir. “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hazırkı vəziyyətlərinə görə təhlükəni hiss edirlər.

Təbii ki, yekunda son pillənin sahibi Premyer Liqanı tərk etməlidir. Lakin bu komandalarda ümumi klub işini dəyərləndirməklə ən uğursuzu seçmək olar. Yəni, nəticələrdən əlavə, digər kateqoriyalara əsaslanmaqla da ən “xeyirsiz klub”u müəyyənləşdirmək olar.

Sırf maliyyə xərcləri baxımından “Səbail”lə “Sumqayıt” özünü doğrultmayan komandalardır. Digər 3 komanda yalnız AFFA vasitəsi ilə gələn dövlət yardımı əsasında fəaliyyət göstərir. “Turan Tovuz”, “Kəpəz” və “Şamaxı” əsas komandaya ayrılan 2, uşaq futboluna yönəldilməli olan 1 milyon manatla ayaq üstədir. Düzdü, tovuzlular yaxınlarda yeni sponsoruna qovuşdu, lakin komanda indiyəqədərki xalları “Huner Group”un gəlişinəcən toplayıb, üstəlik, bu şirkət daha çox gələn mövsümdən komandaya kömək etməyi planlayır.

Bu baxımdan “Sumqayıt” daha yaxşı yerlərdə olmalı idi. Klub dövlət yardımından əlavə, “Azerkimya”nın qanadı altındadı, “KapitalBank”dan yarım milyon manat illik yardım alır, eləcə də bir neçə əlavə dəstəkçisi var. Bütün bunları nəzərə alsaq, “kimyaçılar” bu imkanlar qarşılığında indiki mövqedə olmamalı idi.

Eyni sözlər “Səbail”ə də aiddir. Dövlət yardımından başqa, bir neçə sponsordan qidalanan “dənizçilər”i Bakı Gəmiqayırma Zavodu yüksək səviyyədə maliyyələşdirir. Maddi baxımdan heç bir problemi olmayan komanda son pillədədirsə, deməli, klub işi düzgün qurulmayıb.

Heyət baxımından autsayderlər arasında ən kasadı “Şamaxı”dır. Legionersiz komanda yerli gənclər hesabına ayaqda durmağa çalışır. Digər komandalardan üçü – “Turan Tovuz”, “Kəpəz” və “Səbail” limiti keçməyib, normal heyət qura biliblər. Baxmayaraq ki, sonuncularda bu baxımdan vəziyyət yaxşı deyil, qışadək seçimlər düzgün ediməyib.

Ən pis vəziyyət isə “Sumqayıt”dadır. Bu mövsüm artıq 14 əcnəbi limitini keçən “kimyaçılar” 15-ciyə görə rüsum ödəmək məcburiyyətində qalıb. Nə fayda? Komanda yayda gətirdiklərini qışda göndərib, qışda gətirdikləri də ümidləri doğrultmur, “Sumqayıt” autsayderlər qrupundadır. Deməli, klubda işlər düzgün qurulmayıb.

Klub işindən danışırıqsa, komandaların ikinci komandalarının durumu da diqqətə alınmalıdır. Sözügedən 5 kollektivin Diviziondakı əvəzedicilərinin sıralaması da “Sumqayıt”ı hədəf göstərir.

Misli Premyer Liqasında:

Turan Tovuz – 24 oyun, 26 xal

Kəpəz – 24 oyun, 20 xal

Şamaxı – 24 oyun, 19 xal

Sumqayıt – 24 oyun, 18 xal

Səbail – 24 oyun, 17 xal

I Divizionda:

Turan Tovuz-2 – 17 oyun, 32 xal

Kəpəz-2 – 18 oyun, 29 xal

Səbail-2 – 17 oyun, 27 xal

Şamaxı-2 – 18 oyun, 21 xal

Sumqayıt-2 – 16 oyun, 10 xal

Cəmi:

Turan Tovuz – 58 xal

Kəpəz – 49 xal

Səbail – 44 xal

Şamaxı – 40 xal

Sumqayıt – 28 xal

Göründüyü kimi, “Sumqayıt” bütün baxış bucaqlarına görə Premyer Liqadan getməyə ən layiqli komandadır. Elə komandanın baş məşqçisi Samir Abasov da son mətbuat konfransında buna oxşar ifadə işlətmişdi. Yekunda nə olacağını birlikdə görəcəyik.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp