Süni qazonların zərərini hamı başa düşməkdədir. Uzunmüddətli və xroniki zədələrin səbəbi olan belə meydanların geniş yayılması artıq ciddi müzakirə olunur. Məsələ Avropa İttifaqı səviyyəsində müzakirə mövzusudursa, deməli, problem ciddidir.

Azərbaycanda Premyer Liqa klublarından “Şamaxı”, “Səbal” və “Turan Tovuz”un rəqiblərini süni örtüklü meydançalarda qəbul etməsi, burada məşq prosesi keçməsi bir yana, ölkədə demək olar, bütün uşaq komandaları məhz süni qazon üzərində hazırlaşır. Sözügedən komandaların futbolçularının tez-tez zədələnməsi, bura gələn rəqiblərin daim şikayətlənməsi təsadüfi deyil.

Belə meydanlar əzələ və oynaq ağrıların, ciddi zədələrə səbəb olur. Karyerasını süni qazon üzərində məşq etməklə quran gənc və yeniyetmələrin hətta ömürlük şikəst qalması riskləri var. Bununla yanaşı, süni qazonlar ətraf mühitin çirklənməsində də böyük rol oynayır. “Fidra”nın (ətraf mühitin qorunması, plastik tullantılarının azalmasına və kimyəvi çirklənmə əleyhinə fəaliyyət göstərən xeyriyyə fondu) saytında dərc olunan yazının tərcüməsi ilə tanış olmaqla problemin ciddiliyini anlayacaqsız.

***

Avropa artıq idman meydançalarında mikroplastiklərə qırmızı vərəqə göstərdi. Avropa Komissiyası (AK) idman meydançalarında mikroplastik doldurulmalara qadağa qoyulmasını təklif edib və insanların daha az zərərli alternativlərə keçməsinə imkan yaratmaq üçün qurum tərəfindən 6 illik keçid dövrü nəzərə alınıb.

Bir il yarım gecikmədən sonra Avropa İttifaqı (Aİ) Komissiyası və üzv dövlətlər qəsdən əlavə edilmiş mikroplastikləri ehtiva edən məhsulların (idman meydançalarında istifadə edilənlər daxil olmaqla) tədarükünün və satışının məhdudlaşdırılmasına bir addım daha yaxınlaşdılar. Şotlandiya və Böyük Britaniya indi ətraf mühitimizin köhnə avtomobil təkərləri və rezin qırıntıları üçün zibilxanaya çevrilməsinin qarşısını almaq üçün buna əməl etməlidir.

Süni idman meydançaları 1970-ci illərdən mövcuddur və 2006-2012-ci illər arasında Avropada mikroplastik doldurulmalar istifadə olunan tam ölçülü meydançaların sayı üç dəfə artıb və bu, son illərdə artmaqda davam edir.

Çoxları bu meydançaların mikroplastik çirklənmənin əhəmiyyətli mənbəyi ola biləcəyini dərk etmirlər. Məsələn, Hollandiyada aparılan sahə araşdırması hər il bir meydançadan yaxınlıqdakı su axınlarına 70 kq-a qədər rezin qranulların daxil olduğunu aşkar edib. Bir çox süni idman meydançaları üçüncü nəsil (3G) texnologiyasından istifadə edir. Əsl otları təqlid edən daha rahat oyun səthi yaratmaq üçün adətən rezin plastikdən hazırlanmış incə qranullar doldurulma kimi əlavə edilir. Bu səpələnən qranullar sintetik qazonun süni “otlarının” arasında qalır.

Ən çox istifadə olunan doldurulma Stiren Butadien kauçuku (SBR) adlı sintetik kauçukdan hazırlanır. “Rezin qırıntıları” əksər meydançalarda istifadə olunur və köhnə avtomobil təkərlərinin üyüdülməsi yolu ilə istehsal olunur. Avropada təxminən 51.000 futbol meydançasının sintetik qazonla örtüldüyü və onların 90-95%-nin rezin qırıntıları ilə doldurulduğu təxmin edilir.

Avropada hər il 18.000 ilə 72.000 ton arasında qranullar süni ot örtüklərindən ətraf mühitə dağılır. Mikroplastiklər yağış suyu ilə yuyulur, oyunçuların geyimlərinə yapışa və təmir işləri zamanı meydançalardan ətrafa yayıla bilir.

Ətraf mühitə düşdükdən sonra mikroplastiklər yerli mühitdə toplana bilər və su yollarına düşərək yaxın ərazilərə və daha uzaqlara zərər verə bilər. Məsələn, SBR balıqların mədələrində aşkar edilmişdir, soxulcanların və bitkilərin böyüməsinə təsir göstərdiyi və sink kimi zərərli maddələrin sızdırılmasına səbəb olduğu aşkar edilmişdir.

Hələ 2022-ci ilin avqustunda Avropa Komissiyası, “Fidra”nın (ətraf mühitin qorunması, plastik tullantılarının azalmasına və kimyəvi çirklənmə əleyhinə fəaliyyət göstərən xeyriyyə fondu) tələblərinə uyğun olaraq idman meydançalarında dənəvər doldurulma kimi istifadə edilən mikroplastikləri (6 illik keçid dövrünü nəzərə alaraq) qadağan etməyi təklif etdi.

Bu qadağa əvvəlcə 2020-ci ildə Avropa Kimya Agentliyi (ECHA) tərəfindən təklif edilmişdi. Təklifdən sonra agentliyin iki elmi komitəsi Komissiyanın yekun qərarını bildirmək üçün rəy verdi. Bu təklif sentyabrın 23-də Aİ üzv dövlətləri ilə görüş zamanı müzakirə olunub (REACH Komitəsi); biz hal-hazırda onların müzakirəsinin nəticəsini gözləyirik. Komissiyanın mikroplastik doldurmanın qadağan etmək qərarının əsas səbəbi materialın Avropa səviyyəsində qəsdən mövcud olan sintetik polimer mikrohissəciklərinin ətraf mühitə yayılmasının ən böyük mənbəyi olmasıdır.

Təklifdə həmçinin vurğulanırdı ki, mikroplastik doldurulmanın itkisini/yayılmasını azaltmaq üçün yumşaldıcı tədbirləri təmin etmək daha ucuz olsa da, bu cür səylər yenə də böyük miqdarda mikroplastikin itirilməsi və ətraf mühitin çirklənməsi ilə nəticələnəcək. Ona görə də qadağa yumşaldıcı tədbirlərdən daha təsirli olardı.

Aİ üzv dövlətləri tənzimləmənin təsdiqi üçün indi səs verməlidir. Əksəriyyət qadağanın tərəfdarı olduğu halda, altıillik keçid dövrü təklif ediləcək. Bu dövr ərzində bazara çıxarılan yeni sintetik idman səthlərinin alternativ, daha az zərərli, dənəvər doldurulma materiallarından istehsal olunması tələb olunacaq. Fidra uzun illər əvvəl layihə tərəfdaşlarımız KIMO ilə birlikdə “Pitch In” layihəmiz üzərində işə başlayanda mikroplastik doldurulmaya alternativlər araşdırıldı. Təbii ot və mantar, zeytun daşı və qoz qabıqları kimi digər təbii materiallar davamlı, dayanıqlı və mikroplastik doldurulmaya uyğun alternativ olduqları sübut edilmişdir. Alternativ doldurulma haqqında müxtəlif araşdırılmalar mövcuddur. 3G meydançalarının istehsalçıları alternativ, qeyri-plastik, doldurucu materialların üstünlüklərindən xəbərdar olmalıdırlar və biz bu materialları “Təmiz Meydança Təlimatlarımıza” uyğun olaraq təbliğ etməyə davam edəcəyik.

Biz Şotlandiya və Böyük Britaniya hökumətlərindən AK-nın istəklərinə uyğun olaraq, 3G meydançalarının ətraf mühitə təsirini yaxşılaşdırmaq və Böyük Britaniyanın ətraf mühitini təhlükəli mikroplastik doldurmadan qorumaq üçün tədbir görmələrini xahiş edirik. Necə deyərlər, qollar oyunlar qazanır, amma uzaqgörən qanunvericilik də belədir!

ABBAS

P.S.: Ümid edirik, son illər bir qrup işbazın sayəsində ölkəmizdə də geniş vüsət alan, biznes imperiyasına çevrilən süni qazon sevdasına “dur” deyiləcək. Bu, həm idmançılarımızın sağlamlığı, həm də ətraf mühitin qorunması baxımından vacibdir.

diagram of 3G pitch 3 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp