Təqdim etdiyimiz fotolar Azərbaycan Basketbol Liqasındandır. Dünən baş tutan və 20-ci turun açılış oyunu olan NTD – “Gəncə” qarşılaşmasından…

Azərbaycan Basketbol Federasiyası həqiqətən yaxşı işlər görməyə çalışır, diqqətçəkən çempionat keçirir. Lakin təşkilatçılıqla bağlı heç də hər şey qaydasında deyil.

Dünən “Sərhədçi”də diqqətimizi çəkən bu məqamı nəticə çıxarılsın deyə yazmağı lazım bildik. Ola bilsin, qaydalar buna imkan verir, lakin kim nə deyirsə desin, azyaşlıların təhlükəsizliyi baxımından izlədiyimiz mənzərə olmamalıdı.

Arenada azarkeşlərin əyləşməsi üçün kifayət qədər oturacaq var və qarşılaşmaları ən yaxşı şəkildə izləmək mümkündür. Lakin nədənsə təşkilatçılar meydanın kənarındakı oturacaqlarda da xüsusi yerlər ayırıblar. Texniki heyətin, ehtiyat oyunçuların olduğu mövqe ilə üzbəüz, meydanın iki metrliyində… Elə bir yerdə ki, gərgin mübarizə zamanı basketbolçular izləyicilərin üstünə yıxıla, onlara istəmədən zərbə endirə bilərlər. Hətta kiminsə əlindən sürətlə çıxan top azarkeşlərin xəsarət almasına səbəb ola bilər.

334710597 614900980450701 4391258326555658960 n 1 - Futbolinfo.az

Meydanın kənarında oturacaqlar qoyulursa, mütləq qoruyusu sədlər də olmalıdır. Necə ki, texniki heyətin, ehtiyat oyunçuların əyləşdiyi yerlərin önündə reklam lövhələri bu funksiyanı yerinə yetirir.

Dünənki matçda meydanın kənarında əyləşənlər başda nazir müavini Marina Vasilyeva olmaqla, nazirlik və federasiya əməkdaşları, “Sərhədçi”nin rəsmiləri idi. Bəlkə də bu oturacaqlar onlar üçün VIP-Lojadır, onlara rahatdır, lakin yanaşı oturacaqlarda qərar tutan xanımlar və uşaqların təhlükəsizliyi nəzərə alınmalıdır. Xüsusilə azyaşlıların həyatını risk altında qoymaq dorğu deyil.

Fotolardan göründüyü kimi, qorunması üçün heç bir tədbir alınmayan uşaqlar qəfil top zərbəsindən sonra – hələ daha pis arzuolunmazlıqları qeyd etmirik -, ciddi xəsarət ala bilərlər. Basketbol federasiyası gördüyü nümunəvi işlərə bu cür nüansları nəzərə almamaqla xələl gətirməməlidir. Sözügedən xanımlar bəlkə də xüsusi imtiyaz sahibidir, sıravi azarkeşlərlə bir yerdə əyləşməyi özlətinə rəva görmürlər, lakin bu, onlara balacaların həyatını təhlükəyə atmağa rəvac verməməlidir.

334323223 701465945096582 2846153959834421735 n - Futbolinfo.az

Kresloda yayxanıb əyləşən “Sərhədçi”nin rəhbəri Firdovsi Umudov da bu məqamlara diqqət etməlidir. O isə başqa işlə məşğul idi – hərbi geyimli işçilərinə azarkeşləri eyni sektora cəmləməyi tapşırmışdı. Yuxarı sıralarda kimsənin əyləşməsinə icazə vermir, hamını aşağıdakı sektorlara qovurdular… Ki, televiziya üçün çəkilişdə tribunalar dolu görünsün. Halbuki ekrana düşməyən kadrları da üzbəüz tribunadan biz çəkib göstərə bilirik. Uşaqların təhlükəsizliyi yalançı şoudan daha önəmlidir!

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp