Düz 10 il öncə “Arsenal” o zaman “Liverpul”da oynayan Luis Suareslə bağlı maraqlı bir olay yaşamışdı. Londonlular uruqvaylı hücumçunu heyətinə qatmaq üçün rəqib komandaya 30 milyon funt-sterlinq məbləğində təklif göndərmişdi.

Mersisaydlılar təklifi rədd etmiş, oyunçunu 40 milyona da satmayacaqlarını açıqlamışdılar. “Arsenal”ın növbəti təklifi daha maraqlı idi: 40 milyon + 1 funt-sterlinq. O zaman “Liverpul” rəsmiləri sonradan maraqlı frazaya çevrilmiş ifadəni işlətmişdilər: “Orada – “Emireyts”də nə içirlər?”

Londonluların ovaxtkı baş məşqçisi Arsen Venger həmin hadisəni belə xatırlayır: “Oyunçu və meneceri ilə anlaşmamız var idi. Və meneceri müqavilədə belə bir bənd olduğunu bildirdi. “Liverpul” oyunçu üçün 40 milyon funt-sterlinqdən çox istənilən təklif gələcəyi halında Luisi buraxmağa məcbur idi. Ona görə bu təklifi göndərdik. “Liverpul” fərqli şeylər deyirdi, dəqiqləşdirmək üçün test etdik, menecerin yalan danışdığı aydınlaşdı. Gülməli görünürdü, amma bu addımı atdıq”.

Xatırladaq ki, bu anlaşma alınmadı. Növbəti il isə “Barselona” 82 milyon avro ödəyərək Suaresi heyətinə qatdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp