AFFA Kamal Umudlunu cəzalandırmağı lazım bilməyib. Yalnız ötən tur növbəlilik prinsipi üzündən təyinat almayan hakim bu həftə “Qəbələ” – “Qarabağ” oyununda söz sahibi olacaq.

Bu referi oyunun nəticəsinə təsir edən səhvi ilə yadda qalmayıb. Amma onun 23-cü turda etdiklərinə görə cəzalanması lazım idi.

Belə ki, “Sabah”la “Turan Tovuz” arasındakı matçda meydan sahiblərinin qapısına təyin olunan penaltidən öncə qayda pozuntusunu gözdən qaçıran referi, qonaqları azlıqda qoymağı da lazım bilməmişdi. Lakin bu epizodlar müzakirəyə açıq idi, nəticəyə birbaşa təsir edən səhvlər olmadığından, Umudlunun cəzalandırılmaması hardasa başadüşüləndir.

Bununla belə, oyundan sonra protokola yazılması lazım olan qeydlər “unudulduğu” üçün Kamal ən sərt cəzaya layiqdir. O, “Sabah”ın texniki zonadan qovduğu baş məşqçisi Murad Musayev haqda rəsmi protokolda heç nə yazmayıb. Rusiyalı mütəxəssisə göstərdiyi sarı vərəqələri “hakimin qərarına etiraz” adı altında sənədləşdirən hakim, onun meydana yürüməsini, vərəqələrdən sonra 4-cü hakimə qarşı hərəkətlərini və stadionda hamının eşidəcəyi tərzdə işlətdiyi ifadələri “yaddan çıxarıb”.

Bütün bunlar protokolda əksini tapsaydı, Musayev azı 5 oyunluq cəza alacaqdı. Umudlu isə “hansısa səbəbdən” protokola əlavə heç nə yazmayıb, belədə hakimin qeydlərinə əsasən qərar verməyə məcbur olan İntizam Komitəsi Murad bəyi cəmi 2 oyunluq cəzalandırıb.

Canlı yayım zamanı hamını izlədiyi olayları sənədləşdirməyən Umudlu, bəlkə də matçdakı səhvlərini unutdurmaq, “Sabah”a qarşı digər oyunlarda reallaşan hakim səhvlərini kompensasiya etmək üçün bu addımı atıb. Amma səhv növbəti səhvi özüylə gətirir. Kamalı əzizləyən AFFA, PFL də səhv etdi.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp