“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 25-ci turunda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə gedir?

– Çox çətin oyun olacaq. Keyfiyyətli komandaya qarşı matç həmişə çətin keçir. Buna baxmayaraq, biz diqqətimizi cəmləmişik. Doğma arenamızda müsbət nəticə əldə etmək üçün gücümüzün 110 faizini ortaya qoymalıyıq.

– “Qarabağ” bu mövsüm Premyer Liqada hələ uduzmayıb. Bu amil sizi qorxutmur?

– Onların səviyyəsi heyrətamizdir. Ancaq biz üzərimizə düşəni etməliyik. Bilirik ki, futbolda hər şey olur, mümkünsüz heç nə yoxdur. Onları bir ildən sonra məğlub etmək təcrübəmiz var. Ölkə kuboku buna sübutdur.

– “Qarabağ” – “Neftçi” oyunu dumanlı hava şəraitində keçdi. Qəbələdə də tez-tez duman olduğunu nəzərə alsaq, “Qarabağ”la görüşün belə vəziyyətdə baş tutması nə dərəcədə effektli olar?

– Məncə, belə hava şəraitində futbol oynanılmamalıdır. Çünki şou azarkeşlər üçündür və bu şəkildə şou göstərmək mümkün deyil. “Səbail”ə qarşı belə çıxış etmişdik. Mənə görə bu, hər kəsə hörmətsizlikdir.

– Premyer Liqanın geridə qalan turunda “Səbail”ə (2:2) qalib gəlsəydiniz, 4-cü yerdəki “Zirə” ilə xal fərqini 1-ə endirəcəkdiniz. Bu matçda xal itkisi sonda sizə problem yaratmaz?

– Doğrudur, “Zirə”yə yaxınlaşmaq fürsətini əldən verdik. Ancaq “Qarabağ”la qarşılaşmada yenidən belə bir şansımız olacaq.

– 2023-cü ildə keçirdiyiniz 6 oyunun 4-də heç-heçə etmisiniz. Ardıcıl xal itkiləri nədən qaynaqlanır?

– Həqiqətən də, çox heç-heçə etmişik. Ancaq onu da unutmayaq ki, 4 oyundur uduzmuruq. Ən yaxşısını etməyə köklənməliyik. Matçlarda ələ düşən fürsətlərdən istifadə etmək lazımdır.

– “Qəbələ” ilə müqaviləniz mövsümün sonuna qədərdir. “Qəbələ”dən və ya başqa klublardan təklif almısınız?

– Hələ heç bir klubdan təklif almamışam. Eyni zamanda, hazırkı klubum da yeni müqavilə üçün maraq göstərməyib. Mən meydanda əlimdən gələni edirəm. Bilirəm ki, istər burada, istərsə də Braziliyada olsun, ən yaxşısını seçəcəyəm.

– “Qarabağ”, “Neftçi”, “Sabah” kimi iddialı klublardan təklif olsa, hansı cavabı verərsiniz? Ümumiyyətlə, gələcək karyeranızla bağlı planınız nədir?

– Əgər mənə hər hansı bir təklif gələrsə, ailəmlə oturub məsləhətləşər, hansının karyeram üçün ən yaxşısı olduğuna qərar verərəm. Ümid edirəm ki, hər şey mümkün qədər tez həll olunacaq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp