“Çətin oyun oldu. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda isə bir az əsəbi olmağa başladıq. Bu matçda qalib gəlməli idik. Amma futbolda hər şey olur” – bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Andriya Lukoviç deyib.
O, Azərbaycan Premyer Liqasının 25-ci turunda “Şamaxı” ilə heç-heçə (2:2) etdikləri matçdan danışıb: “Əgər oyundan əvvəl kimsə soruşsaydı, təbii ki, biz 1 xalla kifayətlənməli olmayacağımızı, qələbə qazanmalı olduğumuzu deyərdim. Amma oyunun bitməsinə 10 dəqiqə qalmış uduzuruqsa və son 10 dəqiqədə bərabərlik qolunu vururuqsa, 1 xal qazandığımıza sevindiyimizi deyə bilərəm. Gələcəkdə belə ev oyunlarında qalib gəlməliyik”.
Serbiyalı futbolçu komandanın son 6 turda 5 xal qazanmasına da toxunub: “Əminəm ki, biz bu oyunları pis oynamamışıq və daha çox xala layiq idik. Lakin indi liqada bütün komandalar mövsümün ilk hissəsindəkindən daha yaxşıdır. 3 xal qazanmaq üçün daha çox işlər görməliyik. Yaxşı oynayırıq, amma bəzən konsentrasiyanı itiririk. Diqqətimizi daha çox cəmləməliyik”.
Lukoviç qarşıdakı turda “Kəpəz”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Gəncədə oynamaq asan deyil. Çalışacağıq ki, qalib gələk. Çünki hazırda hər oyun vacibdir. Bunu edə bilərik”.