Martın 7-də Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, matçın keçiriləcəyi Koşalin şəhərindəki arenadakı məşqdən sonra komandamızın üzvü Eduardo Borges federasiyanın rəsmi saytına müsahibə verib:

– Əvvəlcə Yunanıstanla oyun haqda danışardın…
– Yaxşı hazırlaşmışdıq. Meydana nə üçün çıxdığımızı bilirdik. Çalışdıq və yekunda məqsədimizə nail olduq. Qol vurmağım da mənim üçün əlavə motivasiya oldu.

– Sanki hesab 4:0 olduqdan sonra bir qədər arxayınlaşdınız. Halbuki futzalın da özünəməxsus yazılmamış qanunlar var: rəqib ardıcıl 2 qol vurmaqla bu qanunu reallığa çevirməyə yaxın idi…
– Bəzən istədiyini edə bilmirsən. 4:0-dan sonra da bizim real qol epizodlarımız oldu. Problem onları realizə edə bilməməyimizlə bağlı idi. Biz vura bilmədik, onlar şanslarından maksimum istifadə etdilər. Kənardan isə bu, arxayınlıq təsiri bağışladı. Biz də bilirik ki, futzalı final fitinə qədər oynamaq, meydanda mübarizə aparmaq lazımdır. Əgər final mərhələsinə yollanmaq haqda düşünürüksə, bu cür səhvlərə heç cür yol verməməliyik.

– Polşadakı məşqdən sonra təəssüratların necədir?
– Komandada hər şey qaydasındadır. Üç oyundan maksimum xal toplamışıq və bura lider kimi gəlmişik. Matçın keçiriləcəyi zal da yaxşıdır. İnanıram ki, oyun günü tribunalar tam dolacaq və azarkeşlər maraqlı oyun izləyəcək. Yenə deyirəm, hər şey yaxşıdır, qalır meydana çıxmaq və bu mərhələni qələbə ilə yekunlaşdırmaq.

– Heyətdə zədəsi olan futzalçılar var. Bu durum komandaya təsir edə bilərmi?
– Qarşıda hələ 2 gün var. Həkim onların hamısının meydana çıxacağını deyib. Allahın köməyi ilə martın 7-də tam heyətlə məqsədimizə çatacağıq. Komanda yoldaşlarıma inanıram.

– İlk matçda bu rəqibə qarşı forma geyinmədin. Onlar kənardan necə görünürdü?
– Bakıda keçirilmiş birinci oyunda iştirak etməmişəm. Ancaq oyunun videoyazısına baxmışam. Hesabdan da görünür ki? qarşılaşma kifayət qədər çətin keçib. Rəqibimiz güclü komandadır. Bu dəfə onlar doğma meydanda oynayacaqlar. Cüzi də olsa, bu məqam onların xeyrinədir.

– Hazırkı vəziyyət Polşa ilə oyuna necə təsir edəcək?
– Meydana nə heç-heçə, nə də minimalhesablı yenilgi üçün çıxacağıq. Yeganə məqsədimiz qələbə qazanmaqdır. İstəyirik ki, elit-raunda güclülərin sırasında vəsiqə qazanaq. Bacaracağımıza inanıram.

Shares: