Hasan Salihamiciç Harri Keynin mümkün transferi ilə bağlı danışıb. O, İngiltərə millisinin üzvünü Münhenə aparmaqda maraqlı olmadıqlarını bildirib.
Futbolinfo.az xəbər verir ki, “Bayern”in idman direktoru belə bir anlaşmanı düşünmədiklərini qətiyyətlə söyləyib: “Hazırda bu transferlə maraqlanmırıq. Biz Çupo-Motinqlə yeni müqavilə imzaladıq. Onun qollar vurmaqda davam edəcəyinə inanırıq. Nə olacağına yayda baxacağıq”.
Mövsüm bitdikdən sonra “Tottenhem”dən ayrılacağı gözlənilən Keynin müştəriləri sırasında “Bayern” ön sıradadır. Salihamiciçin belə danışması Harrinin bağlı olduğu klubun olması ilə bağlıdır. Hücumçunun londonlularla daha bir illik müqaviləsi qalır. Yayda tərəflərin ciddi danışıq aparacağı gözlənilir.
Almaniya klubu maliyyə baxımından İngiltərə klubları ilə rəqabət aparacaq gücdə deyil. Münhenlilər bahalı transferlərə meyl göstərməməsi ilə də tanınır. Amma iş ondadır ki, “Tottenhem” Keyni başqa ingilis klubuna satmaq istəmir. Bu da münhenlilərin şansını artırır.