Azərbaycan futbolunun Elxan Məmmədovun kadrlarından təmizlənməsi prosesi start götürdü. Bu gün assosiasiya tərkibindəki bir sıra komitələrdə ciddi islahat aparılacaq. AFFA İcraiyyə Komitəsində reallaşacaq müzakirələrə son anda kənar müdaxilə olmasa, sürpriz nəticələri görəcəksiz.
Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, eləcə də Oyunçuların Statusu və Transferi Komitəsi ciddi şəkildə yenilənəcək. Bugünə qədər diqqət çəkməyən Əsasnamə pozuntuları da aradan qaldırılacaq və sözügedən qurumlar bundan sonra ölkə futbolunda daha ciddi rol oynayacaq, formal, tapşırıqlara əsasən göstərilən fəaliyyətə son qoyulacaq.
Ola bilsin, gedənlərin və onları əvəz edənlərin adları sizə nəsə “deməsin”. Çünki sözügedən komitələrdə çalışanarın futbola böyük ölçüdə bağlılığı olmur. Onların daha peşəkar, ədalətli və səriştəli adamlar olması kifayətdir. Təəssüf ki, ötən illərdə komitələrin tərkibi üzvlərin bu prinsiplərə sadiqliklərinə görə seçilməyib. Əksər hallarda Məmmədova bağlılığı olanlar, vitse-prezidentin dostları, tanışları müxtəlif postları tutub.
Bu gün isə həmin adamların təmizlənməsi prosesinə start verilir. Məmmədovun Azərbaycan futbolundakı bütün dayaqlarının aradan qaldırılması üçün onun bacarıqsız kadrlarının yola salınması başlayır. Komitələrdəki bəzi şəxslər yola salınacaq, yeni təyinatlar reallaşacaq.
Komitələrdən birinin tərkibinin bütünlüklə dəyişəcəyi dəqiqdir. Daha bir komitənin sədri və bir üzvünə, digərinin sədri qalmaqla bir neçə üzvünə “əlvida” deyiləcək.
Çox güman ki, tamamilə yenilənəcək qurum Apellyasiya Arbitraj Tribunalıdır. Bu qurumun son biabırçı qərarı Elnur Çodarovla bağlı olmuşdu. İntizam Komitəsinin qərarını ləğv edən tribunal, sözügedən məşqçinin CAS-a müraciət etməyinə səbəbkar olmuşdu. “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin işdən qanunsuz çıxartdığı və kompensasiya ödəmək istəmədiyi məşqçinin hüquqları beynəlxalq qurum tərəfindən müdafiə edilib. Tezliklə rəsmi qərar çıxacaq və məşqçiyə ikiqat ödəniş ediləcək.
Məmmədovun göstərişi ilə qərar dəyişən bu qurum isə həm də AFFA-nın cərimələnməsinə səbəb olub. Məmmədovun dostları naminə qanunları ayaq altına alan Apellyasiya Arbitraj Tribunalı indi tam tərkibdə yola salınacaq. Üzvlər – Gülağa Cabbarov, Arif Fərəcov, Vasib Əkbərov və Murad Heydərov sədr Ziya Babayevin yarıtmaz idarəçiliyinə verdiyi dəstəyə görə bu aqibətlə üzləşəcək. Məmmədovun dostu olan Babayevin yola salınması xüsusilə ciddi hadisədir. Ziya bəy yalnız AFFA-da deyil, başqa bir çox işlərdə də Elxan bəyin dəstəsinin üzvüdür. İndi onları dövlət strukturlarında çalışan hüquqşünaslar və daha peşəkar insanlar əvəz edəcək.
İntizam Komitəsinin sədri Erkin Hüseynov işinə davam edəcək. Bu qurumda Məlik Həsənov, İlqar Əliyev, Naib Əsədov və Cahangir Həsənzadədən bəziləri yola salınacaq. Hələlik Həsənzadənin komitədən qovulacağı barədə məlumatlıyıq. Onu Hakimlər Komitəsindən Ömər Paşayev əvəz edəcək. İntizam Komitəsində hakimliklə bağlı məsələlərin də müzakirə olunduğunu nəzərə alsaq, bugünədək sözügedən qurumun burada təmsilçisinin olmaması özü maraqlı faktdır.
Oyunçuların Statusu və Transferi Komitəsi də sədrini “itirəcək”. Ümumiyyətlə, bu posta necə, hansı bacarığına görə gəldiyi bəlli olmayan Nailə Rüstəmzadəni başqa biri əvəzləyəcək. Təyinatın kimin xeyrinə ediləcəyini bilmirik, üzvlərdən Fərid Haqverdi, Orxan Əhmədov və Seymur Səlimlinin də qalıb-qalmayacağı tezliklə bəlli olacaq. Dəqiq olan bu komitəyə Peşəkar Futbol Liqasından bir nəfərin cəlb olunacağıdır.
Yeni təyinatlar bəlli olduqdan sonra perspektivlər barədə daha ətraflı bəhs edəcəyik. Lakin dəyişiklikləri mütərəqqi saymaq üçün ilkin işartılar var. Azərbaycan futboluna deyil, Məmmədova xidmət edən bir sıra şəxslərin getməsi ən azı ciddi ümidlər yaradır. Komitələrdən birinin tərkibində Rəşad Qasımovun olacağı faktı isə bundan sonra AFFA-da daha işgüzar mühitin yaranacağına inamı artırır.
Xatırladaq ki, Qasımov qısa müddətdə “İnter”in prezidenti olmuş, klubu ağır maliyyə problemlərindən minimum itkiylə çıxarmış, eyni zamanda ailə mühiti formalaşdırdığı komandayla əla nəticələrə imza atmışdı. Amma Elxan bəyin adamı olmadığı üçün klubu məğlubiyyətsiz prezident kimi tərk etmişdi. O, klubun “Keşlə”yə çevrildiyi vaxtlarda lazımlı kadr “sayılmamışdı”. Amma onun fəaliyyətini unutmayanar indi Qasımovu komitə üzvü kimi olsa da, futbola qaytarmağı lazım bilirlər.
Yəqin ki, növbəti aylarda Elxan Məmmədovun digər qurumlardakı adamları ilə də bağlı ölçü götürüləcək. İslahat dalğasının “CBC Sport”a, klublara çatacağı gün uzaqda deyil.
Bəs, bu islahatları kim həyata keçirir? Yəqin qarşıdakı aylardı həmin qüvvəni də tanıyacağıq. Hər kimdirsə, AFFA-ya gəlmədən etdiyi dəyişiklikləri ümidverici saymaq olar. Bu dəyişikliklər sadəcə, “kiminsə adamı”nın “kiminsə adamı”yla əvəzlənməsi yox, daha yaxşı fəaliyyət göstərmək üçün edilirsə, yalnız alqışlamaq olar. Zamanla görəcəyik…
CAVAD