“Azərbaycan Premyer Liqasında klubların sayının artırılması gündəmdə deyil”.

Futbolinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini bildirib:

“Bu il bir komanda Premyer Liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. Birinci diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas liqaya gələcək”.

Hacıyevin sözlərinə görə, 2023/2024 mövsümündən Birinci Divizionda Premyer Liqanın əvəzedici komandaları iştirak etməyəcək. O, əvəzedicilərin çempionatının bərpa ediləcəyini söyləyib: “Birinci Divizionda 10 komandanın iştirakı planlaşdırılır. Dövlət tərəfindən həmin klublara dəstək də olunacaq. Birinci Diviziondakı 10 komandaya 3 milyon vəsait ayrılacaq”.

Baş katib əlavə 4 komandanın Birinci Divizona gələcəyini diqqətə çatdırıb: “Füzuli”, “Difai” və bir neçə komanda aşağı dəstədə iştirak üçün müraciət edib”.

Yeri gəlmişkən, Birinci Divizionda çıxış etmək üçün Region Liqasında 3 illik fəaliyyət tələbi də ləğv olunub. Sərxan Hacıyev Birinci Divizionda çıxış üçün xüsusi kriteriyaların ayrıldığını bildirib:

“Region Liqasında bir il oynayan komandanın da Birinci Diviziona gəlmək ehtimalı olacaq. Onlara hansısa dəstək verilsə, bunun reallaşma ehtimalı var. İcra hakimiyyəti və ya digər dəstəkçilər kömək ola bilərlər”.

Shares: