AFFA-nın Növbəti Hesabat Konfransı yenə ənənəvi sualları gündəmə gətirdi. Büdcə məsələləri, xərclər, istiqamətlər – aşağı-yuxarı eyni mənzərədir.
Son illərlə müqayisədə ciddi dəyişiklik yoxdur, yenə həddindən artıq böyük məbləğlər “digər xərclər” adı altında gizlədilir, hətta Hesabat Konfransında da hesabat verilmir. Halbuki söhbət milyonlardan gedirsə, onu pərdələmək mümkün olmamalıdır, tələb edən olsa, AFFA hər qəpiyin hara xərcləndiyini açıqlamalıdır.
Vitse-prezident Elxan Məmmədov son 15 ildə ilk dəfə belə böyük tədbirə qatılmasa da, hələ ki, onun fəaliyyətinin nəticələri “göz deşir”. Növbəti yazılarımızda maliyyə məsələləri ilə bağlı qeydlərimiz olacaq, “digər xərclər” adı altında gizlədilən 6 milyon manatın hara xərcləndiyini araşdırmağa çalışacağıq.
Tədbir baş tutdu və formallıqla yadda qaldı. İcraiyyə Komitəsinin qərarları istisna olmaqla, qeyri-adi nə iləsə rastlaşmadıq. Səsvermələr, hesabatlar, alqışlar, çıxışlar – adəti üzrə…
Həm Konfrans, həm də İcraiyyə Komitəsinin iclası bitəndən sonra AFFA prezidenti Rövnəq Abdullayev yenə jurnalistlər qarşısına çıxmaqdan boyun qaçırdı. Bu dəfə mətbuata danışmaq missiyasını baş katib Sərxan Hacıyev boynuna götürdü. O da daha çox İK-nın qərarlarını sadalamaqla kifayətləndi.
Hacıyev əvəzedicilərin çempionatının bərpa ediləcəyini və I Divizonda komanda sayının 10-a çatdırılacağını, iştirakçıların hər birinə 300 min manat büdcə ayrılacağını açıqladı. Aşağı dəstədə komanda sayı 10-a çatdırılacaq ki, bura seçim qaydaları zamanla müəyyənləşəcək, kriteriyalar dəqiqləşdiriəcək. Təsadüfi deyil, buna görə İK bir müddət öncə qəbul etdiyi qərarı ləğv etməyi, Region Liqası klublarına qoyulan 3 illik həddi aradan qaldırmağı lazım bildi.
Sərxan bəyin sözlərindən aydın oldu ki, futzalda bir sıra problemlər onları da narahat edir. Bu üzdən yeni mövsümdə ciddi dəyişikliklər gözlənilir. Təsadüfi deyil, Futzal Federasiyasının prezidenti Zaur Axundovun hesabatı da təxirə salındı. Səhhəti üzündən İcraiyyə Komitəsinin iclasına qatılmayan Zaur bəy qurumun növbəti toplantısında çox suala cavab verməli olacaq.
Sərxan bəyin israrla Premyer Liqanın sonuncusunun elitanı tərk edəcəyini vurğulaması qeyd olunmalıdır. Baş katib klublara indidən xəbərdarlıq etməyi də lazım bildi. Belə aydın oldu ki, o, klublara sabah xahiş-minnət etməmələri üçün indidən nəticələrini yaxşılaşdırmağı, ö talelərini özlərinin müəyyənləşdirməsinin gərəkdiyini çatdırır. Onun vədinə əməl edib-etməyəcəyini mövsümün sonunda görəcəyik.
Beləcə daha bir Konfrans tarixin yaddaşına qovuşdu. Yenə hər şey “quş qoyulmasına” hesablanmışdı. Azərbaycan futbolunun təməl problemləri, böhrandan çıxış yolları müzakirə mövzusu olmadı. Nə iştirakçılardan maraqlı təklif gördük, nə AFFA-nın özündən təşəbbüs. Görünür, daha bir il gözləmək, vəd edilən real islahatların olacağı 2024-ə ümid bəsləməliyik.
AĞA