AFFA İcraiyyə Komitəsinin qərarlarında gözlənilən dəyişikliklər əksini tapdı. Bir sıra komitələrin tərkibi ciddi şəkildə yeniləndi.

Gündəlikdə nəzərdə tutulan məsələlərdən birincisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlərlə bağlıdır. Planın hazırlanması AFFA-nın baş katibliyinə tapşırıldı və yəqin ki, tezliklə bu barədə ictimaiyyətə açıqlama veriləcək. Ümid edirik, il yarılanmamış real nəticələr olar.

AFFA-nın ilk açıqladığı Gündəlikdə beynəlxalq qurumlar tərəfindən ayrılan maliyyənin 2024-2028-ci illər ərzində müxtəlif regionlarda yeni infrastruktur layihələrinin inşasına sərf olunması qeyd olunmuşdu. Yekun qərarda isə 2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən vəsait ayrılacağı qeyd olunub. Görünür, tənqidlər nəticəsini verib və bunun növbəti müddət üçün AFFA prezidenti seçkilərinə hesablanan addım olduğu ifşa edilib, bəndə əl gəzdirmək lazım bilinib.

Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarında qəribəlik yoxdur, hamısı əvvəlcədən təxmin edilən simalardır. Elə AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibi barədə də eyni sözləri demək olar. “Futbolinfo”nun bu gün dərc etdiyi siyahı rəsmi təsdiqini tapdı.

AFFA bu dəfə veteranlara ənənəvi təqaüd siyahısını açıqlamadı. Əvəzində ötən illərin səhvlərindən nəticə çıxarıldı, daha dəqiq seçimlər üçün “Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnamə”yə əlavə və dəyişikliklərin olunması lazım bilindi. Bu məsələ ilə bağlı təkliflərin hazırlanması da baş katibliyə tapşırıldı.

Əvəzedicilərin çempionatının bərpası, Birinci Divizionun yenidən təşkili və Region Liqası təmsilçilərinin Diviziona buraxılması üçün 3 illik qadağanın ləğvi – bütün bunlar da gözlənilən qərarlar idi və rəsmi təsdiqini tapdı. Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunması da yeni xəbər deyil. Ümumiyyətlə, komitələrin tərkibinə baxdıqda da aydın olur ki, artıq Peşəkar Futbol Liqası ümumi idarəçiliyə daha çox nüfuz etməyə başlayır. Prosesin davamını izləyəcəyimiz də istisna olunmur.

AFFA-nın açıqladığı Gündəlikdə Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı da dinlənilməliydi. Lakin federasiyanın prezidenti, eyni zamanda İcraiyyə Komitəsinin üzvü olan Zaur Axundovun səhhəti üzündən tədbirə qatılmaması ilə bu məsələ “unudulub”. Düzdür, AFFA-nın baş katibi Sərxan Hacıyev keçirdiyi mətbuat konfransında bu barədə məlumat verdi və hesabatın İK-nın qarşıdakı iclaslarında alınacağını söylədi. Lakin məsələnin təxirə salınması qərara salınsaydı, Gündəliyin natamam yerinə yetirildiyi barədə fikir formalaşmazdı.

FƏRİD

Shares: