Bu gün beynəlxalq qadınlar günüdür. Bütün qadınları , xüsusilə də ölkəmizin vətəndaşı olan xanımları təbrik edirik.

Azərbaycan idman tarixində qadınların əvəzsiz xidmətləri olub. Təkcə Olimpiadalarda qazanılan medallara nəzər salsaq, bunu görmək mümkündür. Müstəqillik dönəminin ilk qızıl medalını da məhz qadın idmançı – Zemfira Mefdiəddinova qazanıb. Bütün bunlarla Azərbaycan xanımları öyünə bilərlər.

Bu bayram günündə vacib bir detala nəzər yetirmək lazımdır. Dünyanın qloballaşdığı, hər kəsin bərabər olduğu bir vaxtda bizim ölkəmizdə hələ də qızlarımızın idmana marağı çox deyil. Xüsusilə də azərbaycanlı qızlar idmandan kənarda qalıblar. Buvaxta qədər qazanılan medallara nəzər salsaq, qadın idmançıların əksəriyyətinin qeyri-azərbaycanlı olduğu nəzərə çarpar. Bu, ölkəmiz üçün ciddi məsələdir. Bu məmləkətdə artıq çox şeyə pis baxılmır. Amma qızlarımızın idmanla, xüsusilə də peşəkar idmanla məşğuliyyəti hələ də tam olaraq yaxşı qarşılanmır.

Ümumiyyətlə, bizdə qızların məşğul ola biləcəyi idman növlərinin sayı da azdır.Birvaxtlar güclü voleybol çempionatımız olanda bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı da çox idi. Lakin indi burada da durğunluq var. Qızların məşğul olub peşəkar karyera qurması üçün münasib idman növü mövcud deyil.

Boşluğu müəyyən qədər gimnastika doldurur. Ancaq təkcə gimnastika ilə iş bitmir. Əksər idman növlərinə qızlarımızın maraq göstərməsi üçün şərait yaratmaq lazımdır. O zaman qızlarımızın beynəlxalq arenalarda uğurları da bol olur. Zərif cinsin nümayəndələri daha əzmkar olurlar. Bu fakta fikir vermək vacibdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp