“CBC Sport”un yeni rəhbəri aprelin əvvəlində bəlli olacaq. Hazırda Volkan Üstü kimin əvəz edəcəyi müəyyənləşdirilir.

Futbolinfo.az sözügedən idman kanalında dəyişikliklərin olacağını hələ bir müddət əvvəl xəbər vermişdi. Əlavə edək ki, islahatlar əsasən rəhbərlikdə olacaq, lakin yaradıcı heyətdən də yan keçməyəcək. “CBC Sport”da struktur dəyişiklikləri də gözlənilir ki, bu da əsasən maliyyəni təmin edənlərin istəyi ilə müəyyənləşəcək.

Hazırda kanala rəhbərlik etməyə bir neçə namizəd var. Başqa telekanallardan öz xidmətini təklif edənlər, hazırda “CBC Sport”da işləyənlər arasında özünü tapşırdanlar haqda xəbərlər gəlir. Martın son günlərinə iclas təyin olunub, məhz həmin yığıncaqda bütün suallara aydınlıq gələcək, yeni ayın əvvəlində isə təyinatlar rəsmiləşəcək.

Son günlər telekanalda reallaşan hərəkətlilik də bununla bağlıdır. Təsadüfi deyil, bir neçə gün ərzində işçilər kütləvi şəkildə ixtisar edilib. Kanalın əsas departamentlərindən biri olan “Program Production” ləğv edilib, 12 əməkdaş işsiz qalıb. “Qafqazinfo”ya danışan Volkan Üst xəbəri təsdiqləyib və bunu struktur dəyişikliyi ilə izah edib.

Maraqlıdı ki, bəzi işçilər xidməti müqaviləyə əhəmiyyət verilmədən, qanunsuz şəkildə vəzifədən azad edildiklərini iddia edirlər. Onlar öz razılıqları olmadan, heç bir xəbərdarlıq edilmədən yola salındıqlarını deyirlər. Rəhbərlik işçilərlə görüşmədən onlarla yollarını ayırıb, vidaların davam edəcəyini bildirib.

Xatırladaq ki, Volkan Üst “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp