Futbolun İnkişaf Fondu (FİF) rəsmi sosial şəbəkə hesabı vasitəsi ilə “Turan 100k” layihəsinin başa çatdığını açıqlayıb. Missiya tamamlanıb. “Turan Tovuz”a avtobus alındığından, məhz bu məqsəd üçün start verilən layihənin davam etdirilməsinə gərək yoxdur.

Bəri başdan layihənin uğursuz olduğunu deyə bilərik. İnsanlar AFFA rəhbərliyinə etibar edərək kluba ianə etməyi lazım bilmədi. Assosiasiya ötən illər ərzində etimadı doğrultmadığından, milyonların havaya sovurması barədə xəbərlər bitib-tükənmədiyindən, tovuzlular aksiyada fəal iştirak etmədi.

Nəticədə avtobusun alınması üçün hədəf seçilən 100 min manatın (100k) cəmi 1/5-i toplandı. Çatışmayan məbləğ isə klubun yeni sponsoru “Huner Group” və AFFA təmin etdi. Hətta dəqiq olmayan informasiyaya görə nəqliyyar vasitəsi daha baha qiymətə alınıb.

Kampaniya başlanarkən FİF piksel hesabı ilə ödəniş edən azarkeşlərin fotolarını xüsusi lövhəyə yerləşdirib stadionun ətrafında quraşdıracağını vəd etmişdi. Belə ki, 105×68 ölçüsündə olan lövhə 7140 pikselə bölünəcəkdi. Bir nəfər ən yaxşı halda 16 pikseli ala bilərdi.

Yekunda təqribən 20 min manat pul toplandığı bəlli oldu ki, bu da ümumi məbləğin 20 faizi deməkdir. Deməli, vəd edilən foto lövhəsinin yalnı 1/5-də ianə edənlərin şəkillərini görə biləcəyik. Bəs, qalanı necə olacaq? Yoxsa stendi AFFA-nın və “Huner Group”un loqoları bəzəyəcək?

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp