Misli Premyer Liqasının 26-cı turu liderlərlə autsayderlərin dueli baxımından diqqət çəkdi. Turnir cədvəinin ilk 5 pilləsində qərarlaşanlarla ikinci “beşlik”də olanların qarşılaşmaları həm də komandalar arasındakı səviyyə fərqinə növbəti dəfə aydınlıq gətirdi.

İddialıların məğlub olmadığı turda güclülərdən evdə xal almağı bacaran Qərb klubları – “Turan Tovuz”la “Kəpəz” vəziyyətini qismən düzəltdisə, “Şamaxı” son dəqiqələrdə üzüldü, digərləri səfərdə darmadağın oldu. Zirvədəki 3 komandanın büdrəmədiyi, 4-cü yer uğrunda mübarizə aparan komandaların heç-heçəyə razılaşdığı tur ciddi dəyişikliyə səbəb olmadı.

“Qarabağ” və “Sabah”ın ev darmadağınları gözlənilən idisə, “Neftçi”nin büdrəmək ehtimalı var idi. Lakin evdə əzmkar oynayan “Şamaxı” rəqibin ustalığı qarşısında aciz qaldı. Qapısını yenə toxunulmaz saxlayan bakılılar, qış transferləri arasında yaxşı mənada seçilən Mateus Saldanyanın qoluna sevindi. Bu hüçumçu belə davam etsə, yayda icarəyə gəldiyi kluba dönməməsi üçün “Neftçi” çox əziyyət çəkəcək.

Qeyri-sabit oynayan “Zirə” ilə “Qəbələ” yenə ənənəyə sadiq qaldı. Bölgə təmsilçisi bəlkə də Tovuzda itirdiyi xallara görə məyusdur, “qartallar” isə sevinməlidir. Çünki “Kəpəz” aşkar üstün olduğu matçda hakim səhvi nəticəsində təyin olunan penalti ilə büdrədi. Həmişə ədalət təmsilçilərinin qərarlarından əziyyət çəkdiyini gördüyümüz qəsəbə təmsilçisi bu dəfə “mükafat aldı”. Ümumiyyətlə, həm “Qəbələ”, həm də “Zirə” oyunlarındakı problemlər barədə düşünməlidilər. Zəngin heyət onların yaxşı komanda olmasına kifayət etməyib və hansı avrokuboklara vəsiqə qazansa, belə oyunla uzağa gedə bilməyəcəklər.

“Turan Tovuz” hər nə qədər rahat olsa da, təhlükəni adlamış deyil. Əsas izləyicilərindən 6 xal öndə olan qərblilər tam arxayınlaşmaq üçün azı bir qələbə qazanmalıdır. “Sumqayıt”la “Kəpəz” “Şamaxı” və “Səbail”lə müqayisədə rahatdır. Bayıl təmsilçisi növbəti iki turda “Turan Tovuz” və “Kəpəz”i yenə bilməsə, vəziyyəti acınacaqlı olacaq. Belədə onlar yalnız “Şamaxı”nı üstələməyə ümid edə bilər. Təbii ki, autsayderlər arasında xal fərqi böyük deyil, amma şəxsi oyunlarda əsas rəqiblərə uduzan vəziyyətini pisləşdirəcək.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp