Bu həftə başlayacaq yarışlar arasında biri xeyli diqqət çəkir. Nəyə görə diqqət çəkdiyini bir qədər sonra qeyd edəcəyik. Hələlik isə məlumat verək ki, yarışda ölkəmizin idmançıları da iştirak edəcəklər.

Söhbət qadınlar arasında boks üzrə dünya çempionatından gedir. Turnir Hindistanda təşkil edilir. Ev sahibliyi edəcək şəhər Nyu-Dehlidir.

Dünya çempionatında ölkəmiz Günel Rəhimova (48 kq) , Anaxanım İsmayılova (50 kq) , Zeynəb Rəhimova (54 kq) , Məhsəti Həmzəyeva (57 kq) , Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75kq) ilə təmsil olunacaq. Bu isə hər iki çəki dərəcəsindən birində təmsil olunmaq deməkdir.

Ən diqqətçəkən məqam isə çempionatın mükafat fondudur. İlk dəfədir ki, qadınların həvəskar turnirində nə az, nə çox – 2,4 milyon dollar mükafat bölüşdürüləcək. Bu isə qadın idmanı üçün böyük məbləğdir. Məbləğin böyüklüyünü qalibə veriləcək 100 min dollar açıq-aşkar göstərir.

Təsəvvür edin ki, ölkəmizdə uzun illərdir ki, idmançılar dövlət tərəfindən qələbəyə görə veriləcək bəxşişin dəyəri ilə maraqlanırlar. Lakin bu turnirdən sonra belə bir şeyi gözləməyə ehtiyac duyulmayacaq. Maddi vəziyyətini düzəltmək istəyirsənsə, çempion ol və 170 min manatın sahibi ol.

Əslində, həvəskar dünya çempionatları belə də olmalıdır. Azərbaycan kimi ölkələrdə idmançılar qalib olduqdan sonra dövlətin əlinə baxmamalıdırlar.

Qeyd edilməlidir ki, belə bir mükafatın təyin edilməsində AİBA prezidenti Umar Kremlyovun böyük əməyi var. Məşhur Qafur Rəhimovun istefasından sonra prezident olan Kremlyovun tənqidçiləri kifayət qədərdir. Elə bu çempionatla bağlı verdiyi qərar da boks camiəsini ikiyə parçalayıb. Belə ki, turnirdə Belarus və Rusiya idmançılarının iştirakına icazə verildikdən sonra ABŞ boksçuları turniri boykot etdilər. Bu boykota Çexiya, Kanada, Böyük Britaniya, İrlandiya, Norveç, Niderland, İsveç və İsveçrə də qatıldı. Ancaq bu boykotların heç bir əhəmiyyəti olmadı – qərar dəyişilmədi.

Bu turnirdə mükafat fondunun yüksək olmasının səbəblərindən biri də Kremlyovun əlaqələridir. Məhz bu əlaqələrin sayəsində o, hindistanlı maqnatların maliyyə dəstəyi verməsinə şərait yaradıb.

Ümumiyyətlə, Hindistan son illər boksa kifayət qədər diqqət yetirir. Elə son 17 il ərzində üçüncü dəfə bu turnirə ev sahibliyi edəcəkləri buna sübutdur.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp