“Qalatasaray”la “Qarabağ” arasında dostluq matçı keçirməyə dair danışıqlar gedir. Bunu futbolinfo.az saytına açıqlamasında Türkiyə klubunun mətbuat xidmətinin rəhbəri Coşkun Gülbahar deyib.

O bildirib ki, hazırda tam dəqiqləşmiş durum yoxdur. Sadəcə, yer və saat haqqında müzakirələr aparılır.

“Qarabağ” klubunun direktoru Emrah Çelikel də qol.az-a açıqlamasında qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. “Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik”.

Yenicə əldə etdiyimiz bilgiyə görə, artıq tərəflər bütün detalları dəqiqləşdirib. “Qarabağ”la “Qalatasaray” milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı üz-üzə gələcək. Zəlzələdən zərərçəkənlərə yardım məqsəi ilə təşkil olunacaq xeyriyyə matçı martın 26-da Bakı Olimpiya Stadionunda (BOS) reallaşacaq. Qarşılaşma saat 20.00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp