“Araz Naxçıvan” yeni mövsümə Misli Premyer Liqasında başlayacaq. Komanda bütün hazırlığını buna uyğun qurub. AFFA və PFL də Muxtar Respublika təmsilçisinin yeni mövsümə problemi olmaması üçün səy göstərir.
Lisenziya tələblərini yetirmək üçün çalışan naxçıvanlıların I Diviziondakı turnir vəziyyəti də buna imkan verir. Hazırda lider olan komanda ən yaxın izləyicisindən 16 xal öndədir. Növbəti 9 turda bu fərqin aradan qalxması real görünmür. Düzdür, daha yaxın olan izləyicilər də var, lakn onlar elita klublarının əvəzedici heyətləridir, müsabiqədənkənar iştirak etdikləri üçün Premyer Liqaya yüksəlmələri mümkünsüzdür.
“Araz Naxçıvan”ın sponsorları ilə bağlı yaranmış problem həll olunduqdan sonra AFFA Premyer Liqada sonuncu yeri tutacaq komandanın Diviziona düşməsi barədə qərarını qətiləşdirib. Son Hesabat Konfransında sonra AFFA rəsmiləri bu səbəbdən əminliklə son pillənin sahibinin yarışı tərk edəcəyini vurğuladı. Bu məsələdə PFL rəhbərliyinin də mövqeyi qətidir və heç bir güzəşt olmayacaq.
Hazırda naxçıvanlıların əsas problemi uşaq komandaları ilə bağlıdır. Amma klub rəhbərliyi problemi həll edəcəklərini vəd ediblər. Lisenziya almaq üçün müddət başa çatanadək məsələ yoluna qoyulacaq.