“Qarabağ” – “Qalatasaray” oyununda komandalar əsas heyətlə mübarizə aparacaq. Xeyriyyə oyunu milli komandaların matçları ilə əlaqədar yaranan fasilə dövründə təşkil olunacağından, yalnız yığmaya yollananlar düşərgədə yer almayacaq.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin milliyə getməyən bütün ulduzları Bakıda olacaq. Dres Mertens, Nikolo Zaniolo, Mauro İkardiyə qarşı ağdamlılar, əsasən legionerlərlə oynayacaq. Milli komandamızın əsası “Qarabağ”ın futbolçularından ibarət olduğundan, Qurban Qurbanov əcnəbilərin üstünlük təşkil etdiyi heyətə güvənəcək.
Adama Diakabi zədəsini sağaldıb və İstanbul klubuna qarşı forma geyə biləcək. Yassin Benzia isə hələ bir müddət kənarda qalmalı olacaq.
Oyuna bilet satışının nə vaxt başlayacağı bəlli deyil. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin dediyinə görə, detalların dəqiqləşməsi qalıb və tezliklə rəsmi açıqlama veriləcək.
Əldə etdiyimiz məlumata görə, martın 26-da Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya bilet qiymətləri 3 manatdan başlayacaq. Sektorlardan asılı olaraq qiymətlər dəyişəcək, daha çox 5 manatlıq biletlər satışda olacaq.
“Qarabağ” matç günü Bakı Olimpiya Stadionun tam dolacağına ümid edir. Qarşılaşmadan əldə olunan vəsait zəlzələ qurbanlarına yardım kimi nəzərdə tutulduğundan, azarkeşlərdən daha həssas davranması, baha olmayan biletlərin hamısının satılması gözlənilir.