AFFA-nın Növbəti Hesabat Konfransının baş tutduğu gün futbol təsərrüfatımızın sabahının necə olacağı ilə bağlı məsələlərə də qismən aydınlıq gəldi. Martın 7-də İcraiyyə Komitəsində qəbul edilən qərarlar rəhbərlikdəki dəyişikliklərin anonsunu verdi.
AFFA-nın əksər komitələrində Peşəkar Futbol Liqasının əməkdaşlarının təmsil olunması, bu qurumun nüfuz dairəsini genişləndirməsi qurumun prezidenti Elxan Səmədovun artan nüfuzu ilə bağlıdır. Qısa müddətdəki fəaliyyəti ilə rəğbət qazanmağa başlayan bu şəxs daha yüksək postlar üçün seçilən adamdır.
İcraiyyə Komitəsinin iclasında icraçı vitse-prezident postunun ləğv edilməməsi də buna görədir. Elxan Məmmədovun Parisə gedişindən sonra boş qalan bu vəzifəyə nə kimsə təyin olunub, nə də post ləğv edilib. Səbəbsiz deyil, qarşıdakı aylarda Səmədovu həmin kresloya əyləşəcəyini görsəz, təəccüblənməyin. Düzdür, bunun üçün İcraiyyə Komitəsinə seçilmək lazımdır, Elxan bəyin indiki vəzifəsi isə buna imkan vermir. Lakin 2 saatın içində Ramin Musayevin PFL prezidenti postundan istefa verməsini, Səmədovun ona əvəzləyici kimi təyinat almasını görmüş adamlarıq. Bu səbəbdən Elxan bəyi icraçı vitse-prezident postunda görəndə bu xəbəri xatırlayacaqsız.
AFFA-ya növbəti prezident seçkilərində Rövnəq Abdullayev namizəd olmayacaq. Yenə dövlət məmurlarından birinin namizədliyi irəli sürüləcək, seçki baş tutacaq. Amma ölkə futbolunun idarəetməsi məhz Səmədovda olacaq. O, vaxtilə adaşı Elxan Məmmədovun qurduğu idarəçilik sistemindən faydalanacaq.
Qarşıdakı müddətdə çox şey baş verə bilər. AFFA-da iş başına keçmək istəyənlər həddindən artıq çoxdur. Nizamnamə, struktur dəyişiklikləri mümkündür. Lakin hazırda əsas plan bundan ibarətdir. Müəyyən forma dəyişikliyi ola bilər, amma Azərbaycanda futbol idarəçiliyində Səmədov erasının başlayacağı gün uzaqda deyil.
AĞA