El arasında belə bir deyim var, alim olmaq asandır, adam olmaq çətin. Həqiqətən də insanın hansısa bir sahədə ucalması əziyyətli iş olsa da, qarşıya məqsəd qoyanda ona çatmaq mümkündür. Amma həmin alim istəyinə çatsa belə, heç bir məqsəd onu adamlar cərgəsinə çıxarda bilməz.

Təbii ki, insan özünü tərbiyə edə bilər. Amma genetika və xasiyyətin əleyhinə getmək həmişə çətinlik yaradır.

Bu sözləri futbolumuza aid etsək, cümləni belə qura bilərik: komanda olmaq asandır, klub olmaq çətin. Gəlin qəbul edək ki, Azərbaycan Premyer Liqasında hazırda 10 klub yox, 10 komanda oynayır. 11 nəfər yığışıb futbol oynayırsa, ona klub demək çətin olur. Klub komanda sözündən daha yüksək anlayışdır.

Əlbəttə, Region Liqasındakı həvəskarlarla Azərbaycan Premyer Liqasında oynayan peşəkarları da tərəzinin eyni gözünə qoymaq olmaz. Amma klublarımızı Avropadakılarla müqayisə etsək, Region Liqası və Premyer Liqa klublarını bu dəfə elə tərəzinin eyni gözünə qoymaq lazımdır.

Mübaliğəni kənara qoyub konkret faktlara, çatışmazlıqlara keçək. “Klub necə olmalıdır” sualına cavab axtaranda “maddələr”in içində itib-batarıq. Konkret klubların problemlərindən danışsaq, nəzəri də olsa, həmin maddələrə istinad etmək olar.

Başlayaq, Azərbaycan futbolunun fəxri olan “Qarabağ”dan. Bəli, çox deyirik ki, “Qarabağ” bir yana, Premyer Liqamızın digər 9 klubu bir yana. Həqiqətən də hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazanan bir komandanın Azərbaycan futbolunda sözün yaxşı mənasında yeganə ağ ləkə olduğunu qəbul etməliyik. “Qarabağ”a nə qədər minnətdar olsaq, azdır. Avropanın aparıcı ölkələrində futbol klubları öz çempionatlarını Günəş kimi işıqlandırırsa, Azərbaycanda “Qarabağ” Ay funksiyasını daşıyır. Yəni, qaranlıq futbolumuzda gecə parlaqlığı ilə diqqətmizi çəkən nurlu Ay…

Hədər yerə “Qarabağ”a da “ağ ləkə” demədik. Nurlu Ay qaranlıq səmada necə ağ ləkədirsə, Ayın səthindəki kraterlər də onun qara ləkələridir. Təəssüf ki, “Qarabağ”ın da belə ləkələri var. Bu klubun ən böyük problemlərindən biri uşaq futbolu ilə bağlıdır.

Bu gün uşaqdan böyüyə qədər hamı qəbul edir ki, “Qarabağ”ın oyunçu yetişdirməklə bağlı problemləri var. Klubun əsas heyətinin aparıcı üzvlərinin adlarına baxsaq, öz akademiyasının məzununun çox olmadığını görərik. Bəli, üzdən vəziyyəti təhlil edənlər Elvin Cəfərquliyevlə Toral Bayramovun peşəkar karyerasına “Qarabağ”da başladığını iddia edə bilər. Amma bilən bilir ki, Elvin Cəfərquliyev “Keşlə”, Toral Bayramov “Xəzər Lənkəran”ın yetirməsidir. Ayaqları ilk dəfə top tutanda ətraflarında “Qarabağ” akademiyasının müəllimlərini görməyiblər. Keçmişdə də belə olub, indi də belədir.

Son bir neçə ayda “Qarabağ” akademiyasından 20-dən çox uşaq ayrılaraq “Neftçi” və “Sabah”a üz tutub. Çempionatın lider klubu özündən aşağıdakılara oyunçu ötürür. Akademiyanın bərbad halı bu kluba heç yaraşmır.

“Qarabağ”a yaraşmayan başqa bir cəhət bazasının idealdan uzaq olmasıdır. Bəli, baza var, amma klubun nəticələri ilə müqayisədə hazırkı baza öyünüləsi deyil. Aydın məsələdir, gələcəkdə “İmarət”ə köçəcək klubun burada nəyəsə “maya buraxması” perspektivsizdir. Amma Suraxanıdakı əsas meydanın yanında məşq meydanını görəndə bunun “Qarabağ”a aid olduğunu ağlına sığışdıra bilmirsən. Klub müvəqqəti Bakıda oynayır deyə, belə məşq meydançasında oyunlara hazırlaşmamalıdır. Bir adam Bakıda kirayədə qalırsa, “ev mənim deyil” deyə səliqəsizlik etməlidir? Qurban Qurbanov çempionatı bir kənara qoy, belə məşq meydançasında Kadini o səviyyəyə qaldıra, neçə yerli oyunçunu üst səviyyədə yetişdirə bilibsə, ona ancaq “əhsən” deyə bilərik.

“Qarabağ” ağ ləkədirsə, flaqman statusunu itirməkdə olan paytaxt klubunda neftin qara ləkəsi klubun sir-sifətinə yayılıb. Doğrudur, “Neftçi”nin marketinq siyasətini ölkə klubları üçün nümunəvi saya bilərik. Klub rəhbərliyi bacardıqca ətrafına sponsor toplayır, müxtəlif layihələrə qatılır, innovativliyi ilə diqqət çəkir. Təbii ki, bunu dana bilmərik. Təkcə, “Neftçi TV” layihəsi nəyə desəniz dəyər.

Amma bazasızlıq Bakı klubunun da başağrısına çevrilib. “Qarabağ”ı haradasa anlaya biliriksə, bu şəhərin aborigen sakini olan “Neftçi”ni heç cür başa düşmək olmur. İllərdir klub Bakıxanov qəsəbə stadionunda məşq edir, amma oranı əməlli-başlı səhmana sala bilməyiblər. Bakıxanov qəsəbəsində çempionat matçları keçirilən stadionu söküb yerində məşq meydançası salmaq böyük qəhrəmanlıq deyil, burada 10 ildən çoxdur tikilib qurtarmayan inzibati bina göz dağı kimi qalıb. Yaşı əsrə dayanan klubun hazırda məskunlaşdığı məkana isə görə ancaq xəcalət çəkmək olar.

Azərbaycan futbolunun dünəni olan “Neftçi” ilə bu günü olan “Qarabağ” haqda danışdıqsa, keçək sabahımız sayılan “Sabah”a. Bəli, klub rəhbərliyin əvvəlki fəaliyyətlərinə görə “alt yapı” sarıdan o qədər də problem yaşamır. Yəni, klubun dünənini nəzərə alsaq, bu günə şükür edə bilərik. Amma siz “Sabah”ın sabahını görürsünüzmü?

Yaxşı pul xərcləyib keyfiyyətli legionerlər gətirirlər. Murad Musayevin sayəsində nəticələr də düzəlib. Amma Masazırda kirayəçi qalmaqla böyümək olmaz. “Sabah” tezliklə vəd etdiyi bazalaşma prosesinə başlamasa, əsl klub ola bilməyəcək. Çempionatda yer tutmaqla, avrokuboklara qatılmaqla iş bitmir.

Çox da üstünə gedə bilməyəcəyimiz komandalardan biri “Qəbələ”dir. Bəli, onlar Roman Qriqorçukun dövründə bir klub idi, maliyyə problemləri ilə üzləşdiklərinə görə komandaya çevrilmək üzrədirlər. “Qəbələ” vaxtilə piyada olub sonradan addım-addım irəliləyərək sonuncu damada vəzirə çevrilən bir klub idisə, indi həmin vəzir vurulmaq üzrədir. Sadəcə, onları ayaq üstə saxlayan az-çox akademiya siyasətini qoruyub saxlamasıdır. Kəsəsi, keçmişin işığına qızınırlar. Ona görə də bu klub haqda çox da tənqidi fikir bildirmək doğru deyil.

Tənqid etmək lazımdırsa, müstəqil siyasət yürüdən “Zirə”ylə söhbətə davam etməliyik. Yuxarıda “çempionatda yer xatirinə yer tutmaq” ifadəsini “Sabah” üçün işlətdiksə, onu dünəndən “Zirə” haqda demək lazımdır. Bir klub yarandığı dövrdən bəri çempionluğa oynamırsa, avrokuboklarda “bir mərhələ keçək, bəsimizdir” hədəfi ilə yaşayırsa, deməli, səmanı yox, Zir(z)ə(mi)ni fikirləşir. Məsələn, “Qəbələ”nin heç olmasa, aşağı yaş qruplarından ibarət normal komandası var, “Zirə” ümumiyyətlə, nə məqsədə qulluq edir? Klub I Divizonda əvəzedicilərdən ibarət komandasına belə oyunçu tapa bilmir. Yaxınlarda çempionat oyununa çıxıblar, ehtiyatda yalnız bir oyunçu qalıb. Bildik, klub ola bilmir, heç olmasa, komanda olsun. 1 əvəzetmə edən kluba heç komanda da demək olmaz.

Heyətdə saysız əcnəbilər oynatmaqla “Zirə” bugünədək böyük ölçüdə heç nə əldə etməyib. Halbuki hər mövsüm 2-3 əcnəbidən imtina edib onlara xərclənən pulla normal baza tikmək, məşq meydançaları salmaq olardı. İndiyədək icarələrə xərclənən pullarla itkilər çoxdan sığortalanardı və bu gün “Zirə”nin öz bazası olardı.

AFFA-nın təbəəliyini qəbul edən “Səbail”, “Şamaxı”, “Sumqayıt”, “Turan Tovuz” və “Kəpəz”in dərdlərindən ayrıca danışmağa dəyməz. Federasiyanın boynundan muncuq kimi asılan bu klubların hamısı bir ipə keçirilib. Ani qırılma olsa, hamısı bir-birindən aralanıb yerə səpiləcək.

Əslində, son turdan sonra “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun səsləndirdiyi fikirlər bütün həqiqəti çılpaqlığı ilə üzə çıxarır. Gəncəlilər tərcüməçi tapmadığı bir vaxtda “Turan Tovuz”un yeni sponsoru xoş vədlər verir. Dediklərinə əməl etsələr, Qərbdə bəlkə əsl klub gördük. Hər şeyi olan, yalnız səriştəli rəhbərliyi çatmayan “Sumqayıt”da da belə perspektiv var. Klub olmaq lazımdır, komanda yox…

FƏRİD

Shares: