“Qarabağ”la “Qalatasaray”ın ardınca iki ölkə klubları arasında daha bir xeyriyyə matçı keçiriləcək. Artıq mətbuatda bununla bağlı xəbərlər yayılıb.

Türkiyənin “Beşiktaş” klubu “Sabah”la görüşmək üçün danışılar aparır. İlkin razılıq əldə olunub. İndi matçın tarixini dəqiqləşdirmək lazımdır. Çempionat oyunları üzündən hər iki komandaya münasib olan vaxt seçilməlidir.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə keçirilməsi nəzərdə tutulan oyunun martda reallaşmayacağını deyib: “Hazırda danışıqlar gedir. Matçın gələn ay keçirilməsi planlaşdırılıb. Amma hələ dəqiqləşməyib. Hər şey bəlli olandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Əldə etdiyimiz bilgiyə görə, matç aprelin 25-26-a nəzərdə tutulub. Bunun da səbəbləri var. Əvvəla ona görə ki, martın 26-da “Qarabağ”la “Qalatasaray” Bakı Olimpiya Stadionunda görüşəcək. Yaxın tarixlərdə iki eyni məqsədli oyun gözlənilən effekti verməz. Bundan başqa, hər iki klubun xeyli oyunçusu milli komandaların düşərgəsində olacaq. Belədə əsas heyətlətin olmaması matça marağı azaldar. Necə ki, “Qarabağ” hazırda bundan əziyyət çəkir.

Təqvim baxımından ən uyğun məqam elə aprelin sonudur. Türkiyə Super Liqasında bir neçə komandanın zəlzələyə görə çıxışını dayandırması təqvimdə boşluqlar yaradıb, komandalar növbəylə istirahət edir. Məsələn, “Beşiktaş” aprelin 9-da meydana çıxacaq, növbəti matç üçün ayın 30-u gözləyəcək. İstanbul təmsilçisi məhz bu aralıqda Bakıya gəlməyə niyyətlidir.

5031323640b66be3e47f - Futbolinfo.az

“Sabah” isə məhz aprelin 25-26-ı üçün uyğundur. Həmin vaxt Azərbaycan kuboku uğrunda yarımfinal matçları keçiriləcək. Bu yarışda mübarizəni dayandıran bakılılar “Beşiktaş”ı qəbul etmək üçün sərbəstdir. Bu səbəbdən oyunun aprelin sonlarında baş tutmaq ehtimalı yüksəkdir.

Hazırda tərəflər son detalları dəqiqləşdirir. Güman ki, “Qarabağ” – “Qalatasaray” matçından düz 1 ay sonra Bakıda növbəti Azərbaycan – Türkiyə duelini izləyəcəyik.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp