Bakıda keçiriləcək Formula 1 qran-prisinə 1 aya yaxın vaxt qalıb. Artıq 7 ildir ki, bu ərəfədə paytaxtın küçələrində yarışlara hazırlıq işləri həyata keçirilir. İlk qran-pridən əvvəl salınan asfalt örtüyü bu ilə qədər yenilənməmişdi. Bu il isə örtüyün təzələnməsinə qərar verilib. Daha dəqiq desək ki, FİA bunu tələb edib.

Məlum olduğu kimi, ötənilki maşınlarda vibrasiya ilə bağlı ciddi problemlər var idi. Xüsusilə də “Mercedes” və “Ferrari” komandalarında dalğalanma özünü bariz şəkildə göstərirdi. Bu vibrasiya maşının sürətinə təsir edir. Əsas da təsir məhz uzun düzlüklərdə olur. Həmin problem özünü məhz Bakı qran-prisində gösrtərdi.

Həmin yarışdan sonra FİA problemi aradan qaldırmaq üçün komandalara xüsusi tapşırıqlarını da verdi. Lakin komandalar da FİA ilə müzakirələr zamanı iradlarını bildirdi. Belə iradlardan biri də bəzi traslarda asfalt örtüyünün hamar olmaması idi. Birinci növbədə bu Bakı trasının uzun düzlüyünə , yəni Neftçilər prospektinə aiddir.

Məhz bu iradların nəticəsində FİA-dan asfaltın təkmilləşdirilməsi ilə bağlı təlimat gəlib. Ümumiyyətlə, şəhər trasında asfaltın yenilənməsi tez-tez baş verir. Çünki yoldan daim istifadə edildiyinə görə sözsüz ki, hamarlılıq pozulur. Nəzərə alaq ki, paytaxtımızda yayda güclü isti olur və asfalt da həmin istidən deqradasiyaya uğrayır.

Burada diqqət çəkən məqam başqadır. Yuxarıda yazdığımız kimi, hər il qran-pridən əvvəl tribunaların , beton bordürlərin quraşdırılması zamanı yollarda tıxaclar əmələ gəlir. Bu tıxaclarda yaranan narazılıqlar birbaşa Formulaya yönəlir. Əksəriyyət də Formulanın lazımsızlığını vurğulayır.

Avto-moto idmanın şahının nə qədər mənfəətli iş olduğunu iqtisadçılar daha gözəl bilirlər. Yarışların auditoriyası o qədər genişdir ki, bu amil ölkənin turizminə ciddi təsir edir. Ölkənin tanıtımı, onun imicinin yüksəklərə qaldırılması yolunda Formula 1-in böyük rolu var.

Bütün bu işləri camaatın daha az əziyyət çəkməsi ilə də reallaşdırmaq olar. Son bir neçə gün ərzində asfalt qatının dəyişdirilməsi üzündən yollarda əmələ gələn tıxac haqlı narazılığa səbəb olub. Nəzərə alsaq ki, bir neçə gündən sonra Novruz bayramı ilə əlaqədar şəhər əhalisinin bir hissəsinin ətraf rayonlara yola düşməsi və təhsil ocaqlarının, dövlət idarələrinin işləməməsi yollarda boşluqlar yaradacaq, bu işləri elə həmin günlərdə, həm də daha sürətli görmək olardı.

Camaatın narazılığına səbəb olan amillərdən biri yarışlardan əvvəl işlərin sürətlə aparılmaması, sonra isə tribunaların və betonların daha ləng şəkildə yığışdırılmasıdır. Bu da ağır tıxaclı günlərin sayını bir qədər də uzadır.

336518164 227902659769021 688090097291425300 n 1 - Futbolinfo.az

Formula 1 təqvimində Bakı yeganə şəhər trası deyil. Başqa yerlərdə də şəhər daxilində yarışlar keçirilir. Misal üçün, Monako, Ciddə , Sinqapur və Las-Veqası qeyd edə bilərik. Ancaq məsələ burada şəhər yarışının necə təşkil edilməsidir. Çox uzağa getmədən Monakonu misal çəkə bilərik. Bildiyiniz kimi, knyazlığın ərazisi çox kiçikdir. Yarış demək olar ki, bütün ölkə boyu təşkil edilir. Amma insanların rahatsızlığını minimal həddə endirmək üçün bütün üsullardan istifadə edilir. Bakıda yarış zamanı trasın təşkil etdiyi yollar 1 həftə bağlı qalır. Monakoda isə belə deyil. Orada yol bütün sessiyalardan 1 saat sonra açılır. Yəni cümə günü sərbəst yürüşlərindən sonra şənbə günü sessiyalarına qədər, şənbə günü təsnifat mərhələsindən bazar günü əsas yarışa qədər açıq olur. Yarışdan da dərhal sonra tras tam açılır. Bakıda da bunun edilməsinə nə mane olur?

Mərhələnin keçirilmə vaxtına da diqqət yetirmək lazımdır. Bizim yarış adətən, iyun ayında baş tuturdu. Həmin müddətdə məktəblərdə dərslərin yekunlaşması yollarda müəyyən qədər boşluğa şərait yaradırdı. Amma bu il yarış aprelin son həftəsində keçiriləcək. Bunun isə problemləri artıracağı gün kimi aydındır. Aprel ayında havaların qeyri-sabit olduğunu söyləməyə ehtiyac yoxdur. Başqa mərhələlərdə belə hallar yaşanır. 2 il əvvəl hava şəraitinə görə Belçika qran-prisinin baş tutmamasını misal çəkmək olar. Amma şəhər trası üçün iş mövsümün pik vaxtında yarışın keçirilməsi əlavə çətinliklər deməkdir.

Formula 1 dünyasında belə bir qayda var. Hər bir ölkə yarışın keçirilməsi üçün üzvlük haqqı ödəyir. Məlum məsələdir ki, hansı ölkə çox ödəyirsə, öz arzularını da daha çox diqtə edir. Bu nə deməkdir? Birinci növbədə təqvimdə yerlə bağlı istədikləri vaxt seçilir. Misal üçün, Birləşmiş Ərəb Əmirlikləri bir qədər artıq üzvlük haqqı ödəməklə son yarışı keçirir. Son yarış nüfuzlu olduğuna, çox şeylərin məhz orada həll edilə biləcəyinə görə əlavə pul ödənilir. Çempionatın açılışı da nüfuzlu sayılır. Bəhreyn də hər mövsümün ilk yarışını qəbul etmək üçün əlavə pul ödəyir.

Bu gün 23 mərhələnin üzvlük ödəmələrinə nəzər yetirdikdə görərik ki, Bakı qran-prisi onlardan geri qalmır və hətta üstələyir. Lakin bununla belə, təqvimdə münasib və daimi yerimiz yoxdur. Bildiyimiz kimi, müqavilə gələn il sona yetir. Yeni müqavilə imzalanarkən bu faktorları nəzərə almaq lazımdır.

Bütün bunlara diqqət yetirilsə, xalq Formulanı daha çox sevər, narazılıqlar az olar. Bu gün ölkəmizdə Formula 1-in keçirilməsini istəyənlərin sayı o qədər də çox deyil. Bu təbəqəyə sırf azarkeşlər, bir də gələn turistlərdən qazanc əldə edən iaşə obyektləri və digər sahələrin nümayəndələri aiddir. Amma əslində, Formulanın ölkəyə və şəhərimizə çox faydası var. Sadəcə, bunu izah etmək üçün normal və savadlı təbliğat lazımdır.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp