AFFA “Bakcell Arena”nın adını dəyişməyə tələsmir. 8-ci kilometr stadionunun adı verilən şirkətlə müqavilə bitsə də, assosiasiya mobil operatoru pulsuz reklam etməkdədir.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasının növbəti turunun afişası açıqlanarkən “Neftçi” – “Kəpəz” oyununun keçiriləcəyi məkan kimi “Bakcell Arena” qeyd edilib. Halbuki AFFA rəsmilərinin özünün də açıqladığı kimi, müqavilə fevralın sonunda başa çatıb və yenilənməyib.

8-ci kilometr stadionu AFFA-nın balansında olduğu üçün addəyişmə barədə qərarı bu qurum verməlidir. Assosiasiya indiyədək icarəçi olan kluba bu barədə rəsmi məktub göndərməli, idman qurğusunun adının dəyişdiyini bildirməli idi. Lakin “Neftçi”dən aldığımız bilgiyə görə, belə addım atılmayıb.

Əldə etdiyimiz bilgiyə görə, AFFA-nın yubanması danışıqların davam etməsi ilə bağlıdır. “Bakcell” əvvəlcə bitən əməkdaşlıq müqaviləsini uzatmaqdan imtina etmişdi. Lakin son günlər müzakirələr bərpa olunub və ola bilər ki, şirkət AFFA ilə işbirliyini davam etdirsin. Görünür, stadionun adının hələ dəyişdirilməməsinin səbəbi budur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp