Müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Azərbaycan yığmasının hücumçusu Mahir Emreli icarə əsasında formasını geyindiyi Türkiyənin “Konyaspor” komandasında qalmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında bildirib:

“Türkiyə yad ölkə olmadığı üçün bura uyğunlaşmaqda problem yaşamadım. 3-4 həftədir ki, Türkiyədəyəm. Düzdür, gələcəyimlə bağlı danışmaq üçün hələ çox tezdir. Ancaq buradakı istiqanlılığı hiss etdim, gözəl atmosfer içinə düşdüm. İnsanlarla dərhal qaynayıb-qarışa bildim. Əlbəttə ki, işin futbol tərəfi daha önəmlidir. Hər şey yaxşı olarsa, burada qalmaqla bağlı mövsümün sonunda daha rahat danışa bilərik”.

Emreli hansı mövqedə özünü daha rahat hiss etməsi ilə bağlı sualı da cavablandırıb: “Bəzən sağ cinahda, bəzən də hücumun mərkəzində rahat oluram. Əsas mövqeyim hücumdur. Amma baş məşqçinin məni necə gördüyü daha önəmlidir. “Girəsunspor”la görüşdə sağ cinahda çıxış etmişdim. Bu, baş məşqçinin qərarıdır. Mənə hansı mövqedə şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Əsas odur ki, özümdən çox, komandanın xeyrinə olsun”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp