Misli Premyer Liqasında 27-ci tur mövsümdəki 11-ci avtoqolun vurulması ilə yadda qaldı. Həftənin açılış oyununda “Sumqayıt”ı darmadağın edən “Qarabağ”a rəqib də kömək etdi.

Futbolinfo.az xəbər verir ki, 6:0 hesabı ilə bitən görüşdə qonaqların sonuncu qoluna Səbuhi Abdullazadə imza atdı. Öncə qol ağdamlıların legioneri Redon Cicanın adına yazılsa da, hakimlər topa son anda “kimyaçılar”ın üzvünün toxunmasını əsas götürdülər.

Maraqlıdır ki, bugünədək qeydə alınan 11 avtoqoldan cəmi 2-si 1-ci hissədə vurulub. Futbolçuların öz qapısını nişan aldığı digər 9 epizodun isə 7-i 80-ci dəqiqədən sonra yaşanıb. 11 avtoqolun 5-ə “Qarabağ”ın sevinməsi də digər mühüm məqamdır.

2022/2023 mövsümündə vurulan avtoqollar:

III tur: Vüsal Məsimov (“Turan Tovuz”). “Qarabağ” 0:2

X tur: Adil Nağıyev (“Şamaxı”). “Qəbələ” 1:1

XII tur: Cəlal Hüseynov (“Şamaxı”). “Qarabağ” 0:4

XVI tur: Kamal Bayramov (“Turan Tovuz”). “Zirə” 1:2

XVIII tur: Fuad Bayramov (“Şamaxı”). “Neftçi” 0:3

XXIII tur: İsnik Alimi (“Qəbələ”). “Sumqayıt” 2:1

XXIII tur: Qismət Alıyev (“Zirə”). “Qarabağ” 0:1

XXIV tur: Qustavo de Fransa (“Səbail”). “Qəbələ” 2:2

XXIV tur: Yusif Nəbiyev (“Kəpəz”). “Sumqayıt” 2:1

XXIV tur: Höccət Haqverdi (“Neftçi”). “Qarabağ” 1:1

XXVII tur: Səbuhi Abdullazadə (“Sumqayıt”). “Qarabağ” 0:6

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp