Misli Premyer Liqasında 27-ci tur başa çatan kimi milli komandanın düşərgəsinə gedəcək futbolçular bəlli olacaq. Yığmanın baş məşqçisi Canni de Byazi yekun siyahını açıqlamaq üçün turun yekunlaşmasını gözləyir.

Əldə etdiyimiz bilgiyə görə, italiyalı çalışdırıcı sürpriz siyahı hazırlamayıb. Yığmanın heyətində son oyunlarla müqayisədə ciddi dəyişiklik olmayacaq. Yalnız “Sabah”ın qapıçısı Yusif İmanovun dəvət alması qeyd edilməlidir. De Byazi özü də bu barədə bir müddət öncə məlumat vermişdi.

“Qarabağ” yenə milliyə ən çox futbolçu göndərən komanda olacaq. Amma ağdamlıların təcrübəli futbolçuları – Qara Qarayevlə Maksim Medvedev siyahıdan kənarda qalacaq.

Xatırladaq ki, milli komandamız AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Avstriya, 27-də İsveç milliləri ilə səfərdə qarşılaşacaq.

Shares: