“Gent”in futbolçusu Gift Orban tarixə düşdü. Bu gün “Başakşəhər”lə oyunda het-trik edən hücumçu onu ən tez reallaşdıran şəxs oldu.
Futbolinfo.az xəbər verir ki, Konfrans Liqasının 1/8 final mərhələsinin Türkiyədə baş tutan cavab matçının 31-34-cü dəqiqələri arasında 3 qol vuran nigeriyalı het-trikə 3 dəqiqə 24 saniyə sərf etdi. Bu, UEFA turnirlərində indiyəqədərki ən sürətli het-trikdir.
20 yaşlı nigeriyalı fevralın 24-də “Qarabağ”a da qol vurmuşdu. Belçikadaki oyunun 75-ci dəqiqəsində fərqlənən futbolçu, matçın penaltilər seriyasına kimi uzanmasına səbəb olmuşdu. Yekunda “Gent” təmsilçimizi yenərək “Başakşəhər”lə oyuna vəsiqə qazanmışdı.