“Kəpəz”in gürcüstanlı yarımmüdafiəçisi Giorgi Kantariyanın futbolinfo.az saytına müsahibəsi

– Əvvəlcə Premyer Liqanın 26-cı turunda üz-üzə gəldiyiniz “Zirə” (1:1) ilə oyunu dəyərləndirərdiniz…

– Çox çətin oyun oldu. Düzü, elə bu cür də gözləyirdik. Matça yaxşı hazırlaşmışdıq, qələbə qazanmaq istəyirdik. Bunun üçün şanslarımız da çox oldu. Təəssüf ki, ələ düşən imkanları dəyərləndirə bilmədik.

– Qələbə hesabını son dəqiqələrdə əldən verdiniz. Qalibiyyətə nə çatmadı?

– Doğrudur, qələbəni əldən verdik. Bunun üçün sadəcə, şansları qola çevirmək lazım idi.

– Rəqibin 82-ci dəqiqədə qazandığı penalti epizodunda Rəhim Sadıxovu həqiqətən də kobudluqla dayandırdınız?

– Təkrara da baxdıqda açıq-aşkar görünür ki, zərbə zamanı hücum edən oyunçuya toxunmadım. Yəni, cərimə ilə heç bir əlaqəm yox idi.

– Qış fasiləsindən sonra “Kəpəz”in nəticələri nisbətən yaxşılaşıb. Bu müsbət dəyişiklik nədən qaynaqlandı?

– Təlim-məşq toplanışında yaxşı hazırlaşdıq, öz oyunumuzu tapmağa vaxtımız oldu. Uğurlu təlim-məşq toplanışı keçirildi. Bu yüksəlişdə məşqçilər korpusunun da böyük xidmətləri oldu.

– Baş məşqçiniz Tərlan Əhmədov hakimlərin sizə qarşı ədalətli olmadığını bildirib. Həqiqətən də haqsızlıqla üzləşirsiniz?

– Bəli, bizə qarşı suallar doğuran bir çox mübahisəli məqamlar oldu. Təəssüf ki, bu hal tez-tez təkrarlanır və çoxları bunu hiss edir.

– Azərbaycana gələn futbolçular əsasən Bakıda yaşamaq istəyirlər. Gəncədə həyat sizin üçün darıxdırıcı deyil?

– Bakı Azərbaycanın paytaxtıdır, çox gözəl şəhərdir və təbii ki, hamı orada yaşamaq istəyir. Amma Gəncə də sakit və yaxşı şəhərdir. Ailəmlə – həyat yoldaşım və qızımla burada yaşamaqla bağlı heç bir problemimiz yoxdur.

– Həm Gürcüstan, həm də Belarusda oynamısınız. Bu iki çempionatı Azərbaycan Premyer Liqası ilə necə müqayisə edərdiniz?

– Belarusda oynayanda çox yaxşı çempionat gedirdi. Amma sonra anidən səviyyə aşağı düşdü. Gürcüstanda vəziyyət bir qədər çətindir. Hazırda Gürcüstan çempionatı yüksəlişə keçib, infrastruktura sərmayə qoyulur.

– Ümumiyyətlə, Azərbaycan çempionatında diqqətinizi çəkən əsas məqam nə oldu?

– Burada çempionat çox yaxşı keçir. 2-3 klubu fərqləndirmək olar. Digər komandalar bərabər səviyyədədir. Azərbaycan Premyer Liqasında lider hətta autsayderdən də çətinliklə xal alır. Heç kimə qarşı oyun asan keçmir.

– 27-ci tur çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaqsınız. Belə güclü rəqiblə dueldən nə gözləyirsiniz?

– “Neftçi” yaxşı futbol oynayan güclü komandadır. Görüşə çox ciddi hazırlaşmışıq. Səfər matçında müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– “Kəpəz”lə müqavilə müddətiniz mövsümün sonuna qədərdir. Yayda hansı addımı atacağınızı müəyyənləşdirmisiniz?

– Bu mövzuda uzun-uzadı danışılacaq bir şey yoxdur. Nəyin necə olacağını demək üçün hələ tezdir. Hələlik vəzifəmiz komandanı elitada saxlamaqdır. İnanıram ki, çempionatda qalmağı bacaracağıq. Buna heç bir şübhəm yoxdur.

FƏRİD

Shares: