“Qarabağ” mövsümü məğlubiyyətsiz başa vurmağa köklənib. Komanda artıq avrokubokda çıxışını dayandırıb və Premyer Liqaya köklənib. İki cəbhəyə güc sərf edərkən qarşısıalınmaz olan ağdamlıları indi, gərgin qrafikdən qurtulduğu bir vaxtda dayandırmaq daha çətin olacaq.

Dünənki matç da bunu göstərdi. Daha sakit, təzyiq hiss etməyən, rahat oynayan “Qarabağ”ın qarşısına çıxanlar maksimum heç-heçə haqda düşünməlidir. Lakin Misli Premyer Liqasının 27-ci turunun açılış matçında rəqibini qəbul edən “Sumqayıt”ın bunu düşünməyə vaxtı olmadı. 12-ci dəqiqəyə kimi iki qol vuran qonaqlar çempionatda yaranan fasiləyə rahat getmək istədiklərini göstərdilər.

6:0 hesabı ilə bitən matçın xronologiyasına varmağa dəyməz. Meydanda oyuna diqtə edən bir komanda var idi və “Sumqayıt” yalnız müdafiə olunmağa çalışan, amma zərbələr buraxan həvəskar boksçuya bənzəyirdi. “Qarabağ”ın çəpəki vuruşları effektli olunca yekunda nokaut qeydə alındı.

Matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun çarəsizliyin duyulduğu açıqlamaları gözlənilən idi. Amma onun rəqibin gücünü önə çəkməsi çıxış yolu deyil. “Kimyaçılar” faktiki nə etdiyini bilməyən kollektiv təsiri bağışlayırdı. Halbuki son illər bu komandanın daha zəif heyətlə “Qarabağ”a qarşı daha yaxşı oynadığı vaxtlar az olmayıb.

Bəli, ustalıq baxımından qüvvələr nisbəti fərqlidir. Lakin bu, “Sumqayıt”ın ən azı döyüşməsinə əngəl olmamalıdır. Bəlkə də ötən illərdə “kimyaçılar”ın bu qədər rahat uduzmağa daha çox haqqı var idi. Bu mövsümdə isə legionerlərlə güclənməsinə icazə verilən komanda belə ruhsuz olmamalıdır. Yerli oyunçular bir yana, “Sumqayıt” cari çempionat üçün 15 legioner transfer edib. Bəs, keyfiyyət hanı?

Yayda klub prezidenti Riad Rəfiyev Aleksey Baqanın adından istifadə edərək bir dəstəni gətirdi, qışda isə Abasov əksəriyyətini – ustalıq səviyyələri yetərli olmadığı üçün haqlı olaraq – göndərib yeni komanda qurdu. Lakin yeni gələnlərə baxsaq, aşağı-yuxarı hamısı eyni səviyyədə olan sıradan oyunçulardır. Səriştəli klub rəhbərliyi, məşqçilər saya yox, keyfiyyətə üstünlük verərdi, 15 əcnəbinin əvəzinə daha keyfiyyətli 5 legioner gətirərdi və onlar bu gün komandanı arxasınca daşıyardı – “Qəbələ” kimi, “Turan Tovuz” kimi…

Amma yox, elə olsa, menecer-prezident Riad Rəfiyev hər transfer dövründə şəxsi avtomobilini yeniləyə bilməzdi, ən son buraxılış olan nəqliyyat vasitəsində gəzməzdi. Hər legioner dövlət büdcəsindən gələn maliyyədən komisyon haqqı qazanmaq deməkdir. Ondan necə imtina etsin? Axı, Rəfiyev kluba biznes obyekti kimi baxır, komandanın xal qazanması yox, özünün pul qazanması daha vacibdir.

0:6 təsadüfi hesab deyil, maşın markasına işarədir. Riad bəy klubdan qamarladıqlarını xarici avtomobillərə xərcləyib “06” sürmək istəməsə də, onun komandasını buna layiq bildilər. Rəfiyevlə “Qarabağ” faktiki eyni işi görür – klubun ALTInı üstünə çevirirlər.

61a6869741a929507fadcb965b0cbb9c - Futbolinfo.az

Abasov da bəhanə axtarmamalıdır. Baqaya xələf olarkən “bu, mənim komandam deyil” deyib məsuliyyətdən yayınırdı. Amma indiki komanda məhz onundur – istədiyi qədər transfer edib, hazırlıq keçib. Məğlubiyyət yetimdir, heç kim yiyə durmaq istəmir, amma yaxın günlərdə yeni tikilən müasir stadionu istifadəyə veriləcək şəhərin komandası Diviziona yuvarlananda gec olacaq.

Turun digər oyunu bitəndə bəlli oldu ki, “Sabah” “Qarabağ”ın çempionluğu reallaşdıracağı günü gecikdirmək üçün əlindən gələni edəcək. Zirədə baş tutan “qartal” – “bayquş” döyüşündə caynağı güclü olan qonaqlar qalib gəldi. İlk hissə əsl mübarizəyə səhnə olsa da, fasilədən sonra ustalıq işə düşdü və qüvvəsi yetməyən meydan sahibləri təslim oldu.

“Sabah” layiqli oyunla qalib gəldisə, “Zirə”nin məğlubiyyəti düşündürücüdür. Qəsəbə təmsilçisi heç cür özünə gələ bilmir. Qışa kimi topladığı xallar sayəsində hələ də 4-cü pillədə olan komanda 2023-cü ildə 9 oyuna cəmi 2 qələbə qazanıb. Zəngin heyət hər tur rotasiya aparmaq yox, ən yaxşılardan faydalanmaq üçündür.

Beləliklə, 4 komanda milli komandaların oyunları üzündən yaranan fasiləyə daha erkən yollandı. Bu, finiş ərəfəsində sonuncu nəfəsdərmə fürsətidir. Çempionat bərpa olunandan sonra heç bir səhvi sığortalamağa imkan olmayacaq. Digər 3 komandanın hədəfləri və durumu bəllidir, “Sumqayıt” isə toparlanmağa məcburdur. Komandanı son pillədən, bir oyun artıq keçirmək şərti ilə, 4 xal ayırır. Son dövrədə hər xal qızıldan qiymətli olacaq.

FƏRİD

Shares: