Norveçin Holmenkollen şəhərindəki dünya kubokunun son mərhələsi həm də dahi biatlonçu Marta Olsbü Royseland üçün sonuncu olacaq. Qadın biatlonunda ağlagəlməz rekordlara sahib norveçli idmançı elə öz vətənində karyerasını bitirir.
Səbəbi motivasiyanın olmamasıdır.
Əslində, Furkadın gedişindən sonra Yohannes Bö üçün də ciddi motivasiya yoxdur. Lakin kişi biatlonunun dahisi özü özüylə mübarizə apararaq rekordları yeniləməklə məşğuldur. Royselandda isə bu da qalmayıb. O, artıq rekordları da üstələyib. 13 qat dünya çempionu üçün bundan sonra idmançı kimi maraqlı bir məqsəd qalmayıb.
32 yaşlı biatlonçu karyerası ərzində bir sıra göstəricilərin sahibidir. Onun aktivində üçü qızıl olmaqla, 7 olimpiya medalı, 13 dünya çempionluğu və dünya kubokunun qalibinə verilən “Böyük xrustal qlobus” var.
Marta Royselandın bu səviyyəyə gəlməsi asan olmayıb. Beynəlxalq arenada çoxdan olmasına baxmayaraq, ulduz dövrü 2020-ci il dünya çempionatından başlayıb. Həmin turnirdə norveçli birdən-birə 3 dahinin – Tura Berger, Mari Doren-Aber və Laura Dalmayerin göstəricilərini üstələdi. Royseland həmin çempionatın bütün yürüşlərində medal qazana bildi.
Bu mövsüm isə titulların sayına görə Maqdalena Noyneri keçdi. Buvaxta qədər ümumi qızıl medalların sayına görə heç kim Maqdalenadan üstün olmamışdı. Burada ədalət naminə bir faktı qeyd edə bilərik. Noynerin aktivində 6 fərdi qızıl olduğu halda, Royselannda bu göstərici ikiyə bərabərdir. Lakin bu, qızılların sayını azaltmaq demək deyil.
Olimpiadaların tarixində də Marta böyük uğurlara imza atıb. Özünün debüt Olimpiya oyunlarında yalnız estafetdə medal qazanan idmançı 2022-ci ildə Pekində favorit statusunu doğrultdu. Çinin paytaxtında norveçli yalnız estafetdə podiumdan kənar qalmaqla 5 medal qazandı. Onlardan üçü qızıl idi.
Bir qədər də əvvələ getsək, karyerasının ilk illərinin uğurlu olmadığının şahidi olarıq. Karyerasında ilk medalını yalnız dördüncü mövsümündə görən Marta onu da qarışıq estafetdə qazanmışdı. İlk fərdi medal isə növbəti mövsümün sonuncu mərhələsində olmuşdu. Ümumilikdə isə bugünə qədər Royselandın 43 Dünya kuboku medalı var.
Marta bu siyahını artırmaq üçün gözəl şansa malikdir. Evdə, doğma azarkeşlər önündə vida mərhələsi buna yardım edər. Bu, baş verməsə belə ən əsası onun seçimidir. Həyatda vacib olan şey vaxtında vidalaşmaqdır. Royseland da belə görünür ki, bunu bacarır.
İLQAR AĞAYEV