“Qarabağ” “Qalatasaray”la xeyriyyə matçı üçün heyətinə cəlb edəcəyi futbolçuları dəqiqləşdirməyib. Martın 19-a kimi istirahət edəcək komandanın məşqçiləri yalnız millinin düşərgəsinə gedəcək futbolçuların siyahısı açıqlandıqdan sonra qərarını verəcək.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasında hazırda davam edən tur bitdikdən sonra “Qarabağ”dan kimlərin milli komandaların düşərgəsinə gedəcəyi dəqiqləşəcək. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da buna uyğun olaraq futbolçu çatışmayan mövqelər üçün digər klublardan futbolçu cəlb edilməsi üçün müraciət edəcək.

“Qarabağ” bu addıma məcburdur. Heyətin böyük hissəsi müxtəlif milli komandaların düşərgəsinə yollanacaq, Qurbanovun ixtiyarında 10-12 nəfər qalacaq. “Qalatasaray”la matçın keçirilməsi isə məlum səbəbdən vacibdir. İstanbul nəhənginin qarşısına yaxşı heyətlə çıxmaq lazımdır ki, Bakı Olimpiya Stadionunu dolduracaq azarkeşlər zövq ala bilsin.

Ağdamlıların güclənməyə ən çox ehtiyac duyduğu mövqe müdafiədir. Komandanın əksər arxa xətt oyunçuları yığmalara getdiyindən, cinahlarda və müdafiənin mərkəzində futbolçulara ehtiyac var. Eyni zamanda bir hücumçunun dəvət edilməsi də mümkündür.

“Sabah”ın baş məşqçisi Murad Musayevin jesti Qurbanovun ürəyincə olmalıdır. Rusiyalı mütəxəssis dünən bu baxımdan “Qarabağ”a yardım edə biləcəklərini dilə gətirdi. Bu açıqlamadan sonra Qurban bəyin sözügedən komandadan Coy-Lens Mikel, Boyan Letiç, Con İrasabal və Aleksey Kaşuka dəvət göndərməsi mümkündür. Xüsusilə sol cinah müdafiəçisi Letiçin dəvəti aktualdır. “Zirə”dən Nemanya Andelkoviç, Donald Gerye və Hamidu Keyta, “Qəbələ”dən Ruan Renato da ağdamlıları gücləndirə bilər. “Neftçi”dən kiminsə dəvət alacağı inandırıcı deyil.

Təbii ki, bunlar ehtimallardır. Amma istirahətdə olacaq Renato, Letiç və Andelkoviçin dəvəti realdır. Bu oyunçular məhz “Qarabağ”ın ehtiyac duyduğu mövqelərə uyğundur. Maksim Medvedev vaxtında sağalmayacağı təqdirdə Qurbanov klublarda sağ cinah müdafiəçisi də axtara bilər.

Shares: