Bir millət, iki dövlət.  Azərbaycan – Türkiyə qardaşlığını ifadə etmək üçün bundan əzəmətli və lakonik fikir səsləndirmək mümkün deyil. Tarix boyunca çətin anlarımızda bir-birimizin yanında olmuşuq, qardaşlıq nümunəsi göstərmişik.

İstər hərbi, istər iqtisadi sahədə əməkdaşlıq sahəsində işbirliyimiz dadımıza çatıb. Əslində, bu istiqamətdə çox danışmaq və ya tarixdən nümunələr gətirmək olar. Amma görünən kəndə bələdçi olmaq fikrində deyilik.

Təəssüf ki, futbol sahəsində əməkdaşlığımız o qədər də böyük deyil, Türkiyədən heç bir bəhrə götürməmişik. Sovet dövründə “Neftçi”nin Türkiyə klubları ilə qarşılaşmaları, müstəqilliyimizin ilk illərində millimizin bu ölkəyə sığıması istisna olmaqla, ciddi əməkdaşlığımız olmayıb.

Halbuki digər sahələrdə olduğu kimi, Türkiyədən bəhrələnə bilərdik. Etiraf edək ki, o tərəfdən də bizə əl uzadılmadı. Əlbəttə, futbolçunun “qabı”nda heç nə yoxdursa, Türkiyə klubları “qardaşıq” deyə onu himayəyə götürə bilməz. Futbol klubu sosial müdafiə fondu və ya məktəb deyil ki, kimisə yaşatsın və ya ona oynamağı öyrətsin. Vaxtilə Türkiyə aşağı liqalarında azərbaycanlıların legioner sayılmadığı dönəm var idi, ondan da səmərəli istifadə etmədik. Həmin vaxt öz klublarımız futbolçulara böyük pullar verirdi, üstəlik, qardaş ölkədə oynayacaq səviyyədə oyunçularımız yox idi.

Hər halda, onlardan nəticə tələb olunur, oynamağı və ən əsası, peşəkar olmağı bacarmayan azərbaycanlı futbolçunu himayə etmək yox. Məsələn, eyni əlaqələri Rumıniya ilə Moldova və ya Rusiya ilə Belarus timsalında nümunə kimi gətirə bilərik. SSRİ dağılandan sonra belaruslular Rusiya çempionatına, moldovanlar isə Rumıniyaya axışdı. Amma hər nə qədər onları milli və tarixi köklər bağlasa da, futbolçuda da oynamaq istəyi var idi. Bizimkilər isə bu haqda düşünmədi.

Əslində, belə bədbin danışmağa tam olaraq əsasımız olsa da, vaxtilə Türkiyə çempionatında çıxış edən azərbaycanlı futbolçuları görmüşük. Elə indinin özündə də Mahir Emreli nümunəsi var. Amma bütün bunlar o qədər epizodik xarakter daşıyıb ki, onların qardaş ölkədəki karyerasından ağızdolusu danışmaq mümkün deyil. Təəssüf ki, bugünə qədər Türkiyə Super Liqasına və aşağı dəstəyə yollanan futbolçularımız əli ətəyindən aşağı geri qayıdıb.  Hətta “Qarabağ”da parlayan legioner futbolçular belə Türkiyədə uğurlu karyera qura bilməyib. Amma yenə də vaxtilə Türkiyədə oynamış barmaqla sayılacaq qədər futbolçularımızın oradakı “qısa həyat yolu”na nəzər salmaq yerinə düşər.

Mətləbə keçməzdən əvvəl onu qeyd edək ki, əslən türkiyəli olan milliləşdirilən futbolçularımızın öz vətənində oynamasını nəzərə almayacağıq. Söhbət Ufuk Budak, Ali Gökedmir, Cinan Özkara, Umut Sönmez, Taşkın İlter və Deniz Yılmazdan gedir. Bu, bir kənara, siyahıda Azərbaycan millisində oynayan braziliyalı Ernani Perreyra və serbiyalı Branimir Subaşiç də var. Ona görə də bu futbolçular haqda danışmağa dəyməz.

Türkiyə Superliqasında oynayan Azərbaycan futbolunun yetirmələrinə gəlincə, siyahıda 7 futbolçunun adını görərik. Təbii ki, bu mənada ən yadda qalanı Rəşad Sadıqovdur. 2005/06 mövsümündə “Kayserispor”, 2009-cu ildə “Kocaelispor” və 2010/11 mövsümündə “Eskişehirspor”da oynayan millimizin sabiq kapitanı qardaş ölkədə özünü sübut edə bilmədi. Rəşad üst-üstə 3 il ərzində bu klubların heyətində ümumilikdə 31 oyun keçirib və fərqlənə bilməyib.

Fərqlənməkdən söz düşmüşkən, nədənsə bu sözü işlədərkən dərhal İlqar Qurbanovun 2007/08 mövsümündə “Sivasspor” forması ilə “İnönü”də “Beşiktaş”a vurduğu qolu xatırlayırıq.  Nə qədər qəribə olsa da, bu, “Sivasspor”da 3 il ərzində çıxış edən İlqarın Super Liqada vurduğu yeganə qol oldu. Ən pisi İlqarın Super Kiqada 3 il ərzində cəmi 11 oyuna çıxmasıdır.  Doğrudur, 2008-ci ildə i”Sivasspor”dan “Boluspor”a icarəyə göndərilən millimizin sabiq futbolçusu yeni komandasında 1 mövsümə 19 oyun keçirdərək 3 qol vurmağı bacardı. Amma o, icarə müddəti bitəndən sonra “Sivasspor”a yox, vətəninə qayıtdı.

Hələ Qurbanov “Fənərbağça” yetirməsidir. Türkiyədə yetişmiş biri orada baş çıxara bilmədi.

İlqar “Boluspor”a icarəyə yollanan mövsümdə Ramal Hüseynov Super Liqada çıxış edən “Kocaelispor”a keçdi. Amma onun bu komandada karyerası bir qığılcıma bənzədi: 1 oyun, 1 qol. Daha sonra “əlvida, Türkiyə, salam, “Standard”! Gördüyünüz kimi, standart addımlar. Daha yaxşı pul verən Azərbaycan klubuna dönüşlə ümidverici karyera bitdi.

Adlarını çəkdiyimiz milli futbolçularımıza qədər sovet şinelindən çıxanlar da bir müddət Türkiyədə başını fırlada bilib. Halbuki, onlar daha səviyyəli məktəb görüblər.  Ancaq 1996/97 mövsümündə “Trabzonspor”da vaxt keçirən Vyaçeslav Lıçkinin də amalı Ramaldan fərqlənməyib: 1 oyun! Halbuki, “qaradənizlilər” onu millinin Trabzonda oynadığı matçlarda bəyənmişdi. Bir sözlə, alınmadı.

Adətən oyunçuların menecerlər vasitəsilə ölkədən kənara yolu açılmayanda, xaricdə işləyən məşqçilər öz həmyerlilərini yanına gətirir. Bu mənada mərhum Ruslan Abdullayev də 2000-ci ildə “Ərzurumspor”u çalışdıranda Vidadi Rzayevə əl utzatmışdı. Təəssüf ki, bu da “Vidoş”un Türkiyədə parlamasına gətirib çıxartmadı. Rzayev “Ərzurumspor”da cəmi 2 oyuna çıxdı. Onunla yanaşı bu kluba gedən başqa oyunçular isə heyət üzü görmədən geri döndü.

2004-cü ildə “Antalyaspor”a yollanan Mahir Şükürovdan da  danışmağa dəyməz. Millimizin müdafiəçisi bu komandanın heyətində cəmi 1 oyun keçirdi.

Son dövrlərdə isə yalnız Ramil Şeydayevin yolu Türkiyəyə düşüb. O da Azərbaycanda oyun oynamadan. O vaxt AFFA rəhbərliyi futbolçunu şirnikləndirərək Rusiyadan gətirmək üçün “sənədlərini” “Trabzonspor”a göndərdi. Amma Şeydayev də digər həmyerlilərimizdən geri qalmayaraq 1 oyunla kifayətlənməli oldu.

Bütün bunların fonunda Mahir Emrelidən sindroma son qoymasını gözləyirik. Hələ ki, son illərdəki 1 oyunluq baryerə çatıb. Yəni, Türkiyə çempionatında ötən oyun “Giresunspor”la oyunda meydana çıxıb. Bu həftə isə onu “Qalatasaray”la matç gözləyir. Görək, Azərbaycan futbolunun yetirməsi olaraq Avropada gözümüzü dikdiyimiz yeganə təmsilçimiz nə ilə yadda qalacaq?

“Konyaspor”un hazırda böhranda olması bir yandan Mahirə sərf edir ki, bu komandanın hücumçuları formada deyil. Amma böhranda olan komandada yüksək səviyyədə çıxış etmək çətin məsələdir. Hələ ki, mövsümün sonunu gözləyək.

Türkiyənin I divizionunda çıxış edən futbolçularımıza gəlincə, vaxtilə Rail Məlikovun “Dənizlispor”da, Amit Quluzadənin “Kayseri Ərciyəspor”da, Anatoli Ponomaryovun “Orduspor”da, Mikayıl Yusifovun “Kartalspor”da çıxışını xatırlaya bilərik. Siyahıya daha bir futbolçumuzun adını daxil edə bilərik ki, o, sadaladıqlarımızdan fərqli Türkiyəyə “bəh-bəh”lə yola düşdü. Söhbət “Neftçi”də “qaz vurub qazan doldurduğu” məqamda “Bursaspor”a yollanan Namik Ələskərovdan gedir. Hər halda, “timsahlar”ın heyətində 32 oyuna 6 qol bir azərbaycanlı futbolçu üçün pis nəticə deyildi. Amma “Bursaspor”un I divizionu da tərk etməsi Namikin vətənə qayıtmasını şərtləndirdi. Orada oynayarkən, millimizin futbolçu öz keyfiyyətlərini itirdi. Budur, indi “Sabah”ın əsas heyətinə də düşmür.

Ümid edək ki, dünən və bu gün olmasa da, sabah futbolçularımızın Türkiyəyə yolu açılacaq.  Artıq Türkiyə klublar Premyer Liqamızda oynayan yerli və əcnəbi futbolçuları izləyir. Demək olar ki, müntəzəm olaraq mətbuatda bu yöndə yarışayiə, yarıciddi mümkün transferlərlə bağlı xəbərlər yayılır.  Yaşayarıq, görərik. Amma həqiqətən də futbolumuza Türkiyədən dəstək lazımdır!

CAVAD

Shares: