“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 27-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəylə başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Hər oyun, hər xal vacibdir. Məğlub olmaq olmazdı. Birinci hissədə oyunumuz alınmadı. Futbolçularda gərginlik var idi. Rəqib qol vurdu, sonra da epizodlar yaratdılar. İlk yarının sonunda vurduğumuz qol ikinci hissədə daha etibarlı oynamağa imkan yaratdı. İkinci hissədə istədiyimiz futbolu oynadıq. Davam etmək lazımdır. Oyun planında da artırmalıyıq. Qarşıda fasilə var. Bundan yaxşı istifadə etməliyik. Həm kubokda, həm çempionatda sıx qrafikə girəcəyik. Geniş heyətimiz yoxdur. Maksimum rotasiyalarla bu qrafikdən yaxşı çıxmaq lazımdır.
Belə matçlarda əvvəldən heç-heçə düşünmək yanlışlıq olar. Birinci hissənin ilk 20 dəqiqəsində oyun mərkəzdə gedirdi. Ötürmələrdə səhvlərə yol verdik. İkinci hissədə aktiv idik, topa sahib olduq, cinahlardan hücumlar etdik.
Dördüncü dövrə bundan da sərt keçəcək. Xal fərqi yaxın olduğu üçün rəqiblər oyun baxımından çox risk etməyəcəklər. Heç kim sonuncu yeri tutmaq istəmir. Bizim də yuxarı qalmaq şansımız var. Amma stabillik çatmır. Bəzi oyunlarda qələbə qazana bilsəydik, daha yuxarı qalxardıq. Vaxt lazımdır. Dördüncü dövrəyə 10 xallıq fərqlə getmək üstünlükdür. Rəqib qalib gəlsəydi, xal fərqi azalacaqdı. Bu baxımdan üstünlüyü qoruduq.
İki həftəlik fasilə zamanı Tovuzda təlim-məşq toplanışında olacağıq. Öz əvəzedici heyətimizlə oynayacağıq”.