Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) növbəti Kollegiya iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatı (qeyri-Olimpiya növləri üzrə) müzakirə edilərək qəbul olunub.
Həmçinin 2023-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı, təqvim planı da Kollegiya qərarı ilə təsdiqlənib.
Ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın təqdimatı əsasında “Azərbaycan Kamandan Oxatma Federasiyası” İB, “Azərbaycan Kikboksinq Federasiyası” İB, “Azərbaycan Alpinizm Federasiyası” İB, “Azərbaycan MMA (Mixed Martial Arts) və Grappling Federasiyası” İB, “Azərbaycan Karate Federasiyaları Assosiasiyası” İB və “Azərbaycan Elektron İdman Növləri Federasiyası” İB-nin “respublika idman federasiyası (assosiasiyası)” statusları təsdiq edilib.
Kollegiya qərarı ilə məşqçilər Elşad Quliyev (minifutbol), Elçin İsmayılov (cüdo) və Elnur Zeynalova (futbol) “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı verilib. Həmçinin, minifutbol üzrə yığmanın üzvləri – Ramil Həsənzadə, Davud Kərimi, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Mirmehdi Rzayev, Rəvan Kərimov, Tanrıverdi Məhərrəmli, Vüsal İsayev, Samir Həmzəyev, Təmraz Əmircanov, Elvin Əlizadə, Vitali Borisov, Taleh Babayev, Tural Nərimanov və Asif Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülüblər.