“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Neftçi” ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis matçdan sonrakı mətbuat konfransında komandasından razılıq bildirib:

“Maraqlı oyun izlədik. İtkilərə rəğmən komandanı motivasiya eləmişdik. Əzəli derbidən xal qazanmağa çalışdıq. Gözəl mübarizə apardıq. Bəlkə də hesab böyük ola bilərdi. Həm rəqib, həm də biz qalib gələ bilərdik. Qalib gəlmək ruhu olan kollektiv formalaşır. Həddən artıq çox xallar itirmişik. Həm özümüzün, həm də hakimlərin səhvlərindən çox xallar itirmişik. Məqsədimiz qalan 9 turda yaxşı nəticələr göstərib, turnir cədvəlində bir az da irəliləməkdir”.

O, heç-heçənin ədalətli nəticə olduğunu söyləyib: “Neftçi” böyük klubdur. “Kəpəz” uzun müddətdən sonra Premyer Liqaya qayıdıb. Yeni kollektivin formalaşdığı dövrdə “Neftçi”dən səfərdə xal almaq uğurdur. Oyunun ədalətli nəticəsi heç-heçə idi”.

Baş məşqçi bugünkü qarşılaşmada hakim idarəçiliyindən narazı qalmayıb: “Hakim səhvlərindən bu mövsüm 8 xal itirmişik. Öz səhvlərimiz də olub. Yeni gəldiyim vaxt kollektivi formalaşdıranda xallar itirmişik. Əvvəlki oyunlarla müqayisədə bu gün elə ciddi hakim səhvi olmadı. Narazı qalacağım bir epizod yoxdur”.
Tərlan Əhmədov apreldə onları gərgin oyunların gözlədiyini vurğulayıb: “Apreldə sıx qrafikimiz olacaq. Əsas rəqiblərlə qarşılaşacağıq. Buna qədər göstərdiyimiz oyun nikbin baxmağa ümid verir. Turnir cədvəlində 6-7-ci yerlərə yüksəltmək istəyirik. Mənim qarşıma qoyulan məqsəd komandanı Premyer Liqada saxlamaqdır”.

Baş məşqçi mövsümün sonlarına yaxın stabil çıxış etməyə çalışdıqlarını əlavə edib: “Ən zəif oyunlarımız “Sumqayıt” və “Turan Tovuz”la matça təsadüf edib. Bu da təbii haldır. Məsələn, “Səbail”ə uduzmalı deyildik. Rəqib bir dəfə qapımıza tərəf yaxınlaşdı, qol vurdu. İddialı komandaları büdrədə bilmişik. Çalışıram ki, ardıcıl qələbələr qazanaq, stabillik olsun. Möcüzə yaradacaq bir şeyim yoxdur. Hədəfim komandanı Premyer Liqada saxlamaqdır”.
O, “Neftçi” ilə matç öncəsi futbolçuları motivasiya etməyin çətin olmadığını deyib: “Bu gün cəmi 8 dəqiqə komandaya oyun haqda təlimat vemişəm. Özlərini rahat oyuna köklənmələrini xahiş eləmişdim, onun da bəhrəsini gördük. “Kəpəz”ə gələndə mənə deyirdilər ki, hara gedirsən, orada futbol oynamırlar. Amma oyunçuların gələcəyini ortaya qoyuram. Evdə komandanı dəstəkləyən, həyəcan keçirən insanların sevincinin vacib olduğunu onlara demişəm”.

Əhmədov Premyer Liqada komanda sayının artırılmasının tərəfdarı olduğunu sözlərinə əlavə edib: “Cənub bölgəsində komandamızın olmasını, Zaqatalanın Premyer Liqaya qayıtmasını istərdim. Elitada 16-18 komanda oynasın. Bunu çox istərdim. Hər bölgənin futbola baxışı fərqlidir. Onları birləşdirəndə inkişaf daha güclü gedir. “Şəmkir” ilk dəfə Çempionlar Liqasında mərhələ keçib, indi yada salınmır. “Bakı”, “Xəzər Lənkəran” kimi komandalar yoxdur. Hər klub 2 futbolçu yetişdirsə, böyük uğur olar, kənardan da milliləşdirmələr olmaz. Təbii ki, bu, AFFA-nın işidir. Amma komanda sayı artırılsa, daha yaxşı olar”.

FƏRİD

Shares: