“Turan Tovuz” son pillədəki “Səbail”lə xal fərqini qoruya bildi. 4-cü dövrə ərzində 10 xallıq fərqi əritmək demək olar, mümkün deyil. Hətta Bayıl təmsilçisi bunu bacarsa da, başqa büdrəyənlər olacaq. Deməli, Qərb təmsilçisinin Premyer Liqada qalma problemini böyük ölçüdə həll etdiyini deyə bilərik.
Misli Premyer Liqasının 27-ci turu çərçivəsində dünən baş tutan ilk matç “Səbail” üçün çox önəmli idi. Əsas rəqiblərdən biri üzərində qələbə “dənizçilər”in özünə gəlməsinə səbəb olacaqdı. Lakin səfər matçlarında 3 xala həsrət qalan Şahin Diniyevin yetirmələri əsas ümidləri olan ev oyununda da bunu bacarmayınca komanda üzərində təzyiq bir qədər də artdı.
İnsaf naminə, ilk hissədəki oyununa görə “Səbail” qələbəyə layiq idi. Lakin fasilə ərəfəsində hesabın bərabərləşməsi ilə futbolçularda qorxu hissi yenidən baş qaldırdı. 90 dəqiqənin sonunda məğlubiyyət qeydə alınmadısa, bunu da meydan sahibləri üçün uğur saymaq olar. Çünki komandada ciddi psixoloji gərginlik hiss olunur, sanki futbolçular səhv etməkdən qorxurlar.
Sırf toplanan xallara baxsaq, Diniyevin göstəriciləri pis deyil. Təbii ki, Mahmud Qurbanovla müqayisədə… Əvvəlki baş məşqçi 2 dövrəyə 10 xal yığmışdısa, Şahin bəy 1 dövrə ərzində 8 xal toplayıb. Lakin Qurbanovun vaxtında komanda o qədər uğursuz komplektləşdirilib ki, problemləri aradan qaldırmaq üçün vaxt yoxdur. “Dənizçilər”in qış transferləri aşkar seçilir, təəssüf ki, komanda halında işlər qaydasında getmir. Oyunu gücləndirmək üçün ehtiyat qüvvə yetərli deyil, əsas heyətdə də çatışmazlıq çoxdur.
Günün ikinci matçında da heç-heçə qeydə alındı və yenə Qərb klubu Bakıdan sərfəli nəticəylə dönə bildi. “Kəpəz” oynadığı futbola görə buna layiq idi. Düzdür, gəncəlilər hələ də Premyer Liqanı tərk etmə qorxusundan uzaqlaşmayıb, amma belə davam etsələr, işlər qaydasına düşəcək.
Gəncə təmsilçisində hər nə qədər problem olsa da, komandanın nəticələri nəzərdən qaçmamalıdır. Bəli, qələbə sayı azdır, amma “Kəpəz” 2023-cü ildə keçirdiyi 9 matçın 6-da uduzmayıb. Bu, ciddi göstəricidir, fasilədən sonrakı növbəti turda evdə “Səbail” məğlub edilsə, Tərlan Əhmədov rahat nəfəs alacaq. Əsas rəqiblərlə əksər oyunların doğma azarkeşlər qarşısında baş tutacağını nəzərə alsaq, qərblilərin perspektivi pis deyil.
“Neftçi”yə gəlincə, komandanın praqmatik oyunu əvvəl-axır çat verməli idi. Yalnız nəticəyə hesablanmış oyun dəst-xətti həmişə fayda vermir. “Kəpəz” cəsarətli oynayınca bakılıların planları suya düşdü. Heyətlərin keyfiyyət fərqinə görə qonaqlar məğlub olmalı idi. Amma Tərlan Əhmədov Laurentiu Regekampfı məşqçi işində üstələməyi bacardı.
Dünənki nəticələr həm də bölgə komandalarının çempionata necə rəng qatmasına bariz nümunə oldu. İllərdi mətbuat fəryad edir, komanda sayının artırılmasını, bölgə təmsilçilərinin yarışa buraxılmasının faydasını göstərməyə çalışırdı. Dünən Tovuz və Gəncə komandaları paytaxtın boz futboluna rəng qatdı, həm medallar uğrunda mübarizəyə fon verdi, həm də autsayderlər qrupunda vəziyyəti dəyişdi. Qərb klubları daha da güclənə, çempionluq mübarizəsinə qatıla bilsələr, həm tribunalar dolu olacaq, həm də Premyer Liqaya maraq artacaq.
AĞA